• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Avtomobillərin utilizasiyası: Ailə qənaət edir, büdcə toplayıb avtomobil alır, 15-20 ildən sonra isə...

CƏMİYYƏT

07 Aprel 2025 | 11:39

Avtomobillərin utilizasiyası: Ailə qənaət edir, büdcə toplayıb avtomobil alır, 15-20 ildən sonra isə...

Utilizasiya istifadə olunmuş və ya köhnəlmiş məhsulların, xüsusən də avtomobillərin və elektron cihazların ekoloji cəhətdən təhlükəsiz şəkildə təkrar emal edilərək tullantıya çevrilməsi prosesidir. Bu prosesin əsas məqsədi ətraf mühitin qorunması və təbii ehtiyatların israfının qarşısının alınmasıdır.

Almaniya, Fransa, İtaliya, Yaponiya və digər bir sıra ölkələrdə avtomobillərin utilizasiyası məcburidir və müəyyən yaş həddini keçmiş avtomobillərin təkrar emalı qanunla tələb olunur. Bu ölkələrdə, eyni zamanda, dövlət avtomobil sahiblərinə utilizasiya üçün maliyyə dəstəyi və müxtəlif güzəştlər də təqdim edir.

Bəs Azərbaycanda utilizasiya prosesi necə həyata keçirilir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, Azərbaycanda məcburi utilizasiya prosesinə başlamaq üçün hələ tezdir:

"İqtisadi vəziyyət və vətəndaşların yaşayış səviyyəsi hələlik bu prosesin tətbiqinə imkan vermir. Təsəvvür edin ki, kənd yerlərində yaşayan, imkanları məhdud olan bir ailə illərlə qənaət edir, büdcə toplayıb avtomobil alır və onunla ailəsini dolandırır. 15-20 ildən sonra isə onlara deyilsin ki, avtomobilinizi utilizasiya edin və qarşılığında cüzi məbləğ alın. Bu, iqtisadi cəhətdən düzgün addım sayılmaz".

Ekspert əlavə edib ki, hazırda Azərbaycanda utilizasiya prosesi yalnız könüllü şəkildə həyata keçirilir.

Yasin Mustafayev: Bəzi avtomobillərin utilizasiyası mütləq şəkildə həyata keçirilməlidir

"Utilizasiya prosesinin gələcəkdə Azərbaycanda da məcburi olması, əslində, vacibdir. Çünki, baxırsan, hər məhəllədə illərlə istifadə olunmayan, sadəcə yer tutan 1-2 köhnə avtomobil var. Bu, həm küçə məkanını zəbt edir, həm də funksiyasızdır. Belə avtomobillərin utilizasiyası mütləq şəkildə həyata keçirilməlidir", - deyə Yasin Mustafayev bildirib.

Qeyd edək ki, 2024-cü ilin yanvarında “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında” Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Nazirlər Kabinetinin 31 yanvar 2024-cü il tarixli “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” qərar bu ilin fevral ayından icra olunur.

Onu da bildirək ki, ötən il fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyir. Utilizasiya haqqı avtomobilin istehsal tarixənə uyğun olaraq 10-40 manat, idxal olunan “ikinci əl” avtomobillər üçün utilizasiya haqqı 400-700 manat arasında dəyişir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR