• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azad sahibkarlığın inkişafı üçün bu il hansı işlər görüldü?

LAYİHƏ

29 Dekabr 2023 | 11:46

Azad sahibkarlığın inkişafı üçün bu il hansı işlər görüldü?

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Məlum olduğu kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edib. Eyni zamanda, hər bir sahədə olduğu kimi, iqtisadi sferada da Ümummilli liderin əsasını qoyduğu siyasi kursu davam etdirən Prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun inkişafını daim diqqət mərkəzində saxlayır.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi, həmçinin subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirib.

Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad sahibkarlıq və biznes mühitinin vəziyyəti vacib rol oynayır. Təbii ki, dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun , kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir.

Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq olar. Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır.

Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb. Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

Eldəniz Əmirov, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Eldəniz Əmirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ilə bağlı 2023-cü ildə bir sıra işlər görülüb: “Əsas olaraq Rəqabət Məcəlləsinin qəbul olunmasını göstərə bilərik. 17 ildir domuş vəziyyətdə qalan məcəllə, nəhayət, bu il qəbul olundu, 2024-cü ildən qüvvəyə minəcək. Bu faktın özü ciddi bir addım deməkdir”.

Onun sözlərinə görə, eyni zamanda, 2022-ci ilin sonunda “Sahibkarlıq fəaliyyəti haqqında” qanun təstiqləndi. Bir çox istiqamətdə ölkədə azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşması üçün addımlar atılır: “Ancaq yenə də yeni işlər görülməsinə ehtiyac var. Çünki müəyyən istiqamətlərdə dövlətin yükünün azaldılmasına çox böyük ehtiyac var”.

Müsahibimiz qeyd edib ki, atılmalı olan ilk addımlardan biri də iqtisadiyyatda dövlətin rolunun azaldılmasıdır: “Bu, dövləti məsuliyyətdən azad etməklə birlikdə, həm də azad sahibkarlıq və liberal iqtisadiyyatı təşviq edir. Düzdür, hazırkı vəziyyətdə birbaşa keçid bir qədər çətin olar. Dövlət mütləq müəyyən istiqamətləri nəzarət altında saxlamalıdır. Bununla birlikdə, mümkün qədər iqtisadi tənzimləmə funksiyasını yerinə yetirməlidir. Düşünürəm ki, dövlət subyektlərinin iqtisadiyyatda, ələxsus da sahibkarlıq sektorunda rolu, tədricən, azalmağa doğru getməlidir”.

Əkrəm Həsənov, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Əkrəm Həsənov Bakıvaxtı.az-a bildirib ki, sahibkarlığın sütunu ölkənin Mülki Məcəlləsidir: “Mülki Məcəllə bəzən qeyri-rəsmi olaraq ölkənin iqtisadi konstitusiyası adlandırılır. Bu yaxınlarda hökumət tərəfindən Mülki Məcəllənin təkmilləşdirilməsi ilə bağlı işçi qrup yaradılıb, mən də ora daxiləm. Dövlət başçısı 4 il əvvəl bununla bağlı tapşırıq vermişdi. 2024-cü il ərzində həmin işçi qrup mülki məcəllənin təkmilləşdirilməsi üçün konsepsiya üzərində işləyəcək. Məcəllənin özünün təkmilləşdirilməsi isə vaxt aparacaq. İlk növbədə, bu iş görülməlidir”.

Ekspert qeyd edib ki, digər məsələ sağlam rəqaətdir. Bu yaxınlarda Milli Məclis tərəfindən Rəqabət Məcəlləsinin qəbul olunduğunu xatırladan Əkrəm Həsənov məcəllənin gələn il ərzində qüvvəyə minəcəyini bildirib.

Aytac Aslan

Yazı Media İnkişafAgentliyininmaliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR