• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan-Türkiyə-Gürcüstan formatı: Ən uğurlu və faydalı əməkdaşlıq platformasıdır

SİYASƏT

16 Fevral 2024 | 17:05 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-Türkiyə-Gürcüstan formatı: Ən uğurlu və faydalı əməkdaşlıq platformasıdır

Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər nazir İliya Darçiaşvili həmkarı Hakan Fidanla görüşündə deyib. XİN başçıları söhbət zamanı uğurlu Azərbaycan-Türkiyə-Gürcüstan formatına toxunublar:

"Hər üç ölkənin xarici işlər nazirlərinin bu formatda növbəti görüşü martda keçiriləcək". Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını da gözdən keçiriblər: "Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının, həmçinin Orta Dəhlizin önəmi qeyd edilib".

Regional üçlü formatı Bakıvaxtı.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan-Türkiyə və Gürcüstan formatı ən uğurlu və faydalı əməkdaşlıq platformasıdır.

Ekspert diqqətə çatdırıb ki, bölgənin əsas logistika xətləri Azərbaycan, Türkiyə və Gürcüstanın ərazilərindən keçir:

"Üç ölkənin birgə qurduğu regional nəqliyyat logistikası dünyanın nəqliyyat şəbəkəsi ilə üzvü surətdə biləşir. Bundan başqa Azərbaycan-Türkiyə-Gürcüstan mütəmadi hərbi təlimlər keçirir ki, bunun da güclü ordu quruculuğu və bölgənin təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli rolu var. Türkiyə Silahlı Qüvvələri NATO-nun ən güclü ordusu sayılır. Türkiyə ilə hərbi əməkdaşlıq içində olan Azərbaycan və Gürcüstan ordularının da NATO standartlarına uyğunlaşması prioritet hesab edilir. Həmçinin, demək olar ki, digər bütün önəmli sahələrdə ardıcıl təmas qururlar”.

Analitik əlavə edib ki, üç ölkənin sıx əməkdaşlıq formatını tətbiq etməsi digər qonşu dövlətlər üçün də mühüm siqnal və təklifdir:

"Ermənistan ağıllı addımlar atsaydı, region ölkəsi kimi əməkdaşlıq platformasının dördüncü tərəfi kimi bizə qoşula bilərdi. Azərbaycanla sülh müqaviləsinin olmaması bunun qarşısını alır. Sülh sazişi imzalanarsa, Ermənistanı da regional əməkdaşlıq platformasında görmək mümkün olar”.

 

Qabil Hüseynli: Ermənistan ağıllı addımlar atsaydı, dördüncü tərəfi kimi bizə qoşula bilərdi

Onun sözlərinə görə, İranla bağlı qəti fikir söyləmək çətin olsa da, Tehranın gələcəkdə bölgə dövlətlərinin ortaq əməkdaşlığında yer ala biləcəyi istisna edilmir. Müsahibimizə görə, reallıq odur ki, Azərbaycan-Türkiyə-Gürcüstan formatı regionun bir çox probleminin həllində müsbət ənənə formalaşdırıb:

“Çinlə Avropa üzərindəki nəqliyyat xəttinin üzərində yerləşən hər üç dövlət Cənubi Qafqazın dünyaya inteqrasiyasına əhəmiyyətli töhfələr vermək iqtidarındadır. Tarixin sınağından çıxmış və hələlik üçlü formatda davam edən Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının uğurlu perspektivi aydın görünür".

Aydın Baxıs


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026