Paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E.Hacıyev bildirib ki, ikin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib.
"Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb".
***
20 fevral, saat 17:55
Fevralın 20-də saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*** 16:58
Bakıda öldürülən şəxslərin adları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, onlar Sabirabad rayon sakinləri, Gülnar Qaraxanlı və övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlıdır.
Məlumata görə, onlar paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindəki evdə kirayədə qalıblar.
İlkin ehtimala əsasən, qətlin G. Qaraxanlının əri tərəfindən törədildiyi bildirilir. Belə ki, iddiaya görə, qətl gecə saatlarında ailədaxili münaqişə zamanı baş verib. Onların meyitləri səhər saatlarında qonşular tərəfindən aşkar edilib. Bundan sonra dərhal polisə məlumat verilib.
Hazırda əraziyə polis və prokurorluq əməkdaşları gəlib, araşdırmalar aparılır.
*** 15:51
Bakıda qətl hadisəsi olub.
Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nizami rayonu, "8-ci kilometr" qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər adları hələlik bilinməyən ana və iki övladını yaşadıqları evdə bıçaqlayaraq öldürüb.
Hadisə ilə bağlı araşdırma aparılır.



















