Bakıda TÜRKPA-ya üzv Parlamentlərin Səhiyyə Komitələri sədrlərinin "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” mövzusunda ikinci iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, iclasda TÜRKPA-ya üzv dövlətlərin qanunverici orqanlarının nümayəndələri iştirak edib.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, iqlim dəyişikliyi və ətraf mühitin çirkləndirilməsi kimi problemlərlə bağlı risklər nəzərə alınaraq adaptasiya planları hazırlanmalı, ekstremal şəraitdə tibbi infrastrukturun davamlılığı artırılmalıdır.
O əlavə edib ki, bu məqsədlə tibb işçilərinin hazırlıq səviyyəsi yüksəldilməli, eləcə də karbon dioksidin azaldılması sahəsində ekoloji standartların sərtləşdirilməsi kimi tədbirlər görülməlidir:
"Keçən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün dünyanı bir araya gətirdi. Türk dövlətləri də regionda bu sahədə birgə səylərini gücləndirməlidir. Bunun üçün böyük imkanlar mövcuddur. Türk dövlətlərinin parlamentləri bu imkanların həyata keçirilməsində geniş əməkdaşlıq perspektivlərinə malikdir. Ölkələr arasında iqlim dəyişmələrinə dair ən yaxşı təcrübələrin mübadiləsi, bu problemin insan sağlamlığına təsirini öyrənmək üçün ortaq tədqiqatlar aparılmalı, qanunvericiliyin uyğunlaşdırılması üzrə ümumi tövsiyələr hazırlanmalı və bu məqsədlə yaradılan işçi qrupları ilə birgə ümumi strategiyalar tərtib edilməlidir".
Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva isə daha bir maraqlı məqama toxunub.
Komitə rəhbəri deyib ki, ölkəsində investisiyaların 40 faizdən çoxu gənclərin və uşaqların sağlam gələcəyi naminə istifadə edilsə də, bu göstərici hələ də qane etmir:
"Bizim üçün vacib olan hal təbii qidalardan, insan orqanizminə daha az təsir edəcək vasitələrdən istifadənin daha geniş şəkildə təşviq edilməsidir. Hesab edirəm ki, TÜRKPA parlamentlərinin bir araya gələrək, bu problemi müzakirə etməsi son dərəcə vacib haldır".
Qazaxıstan Parlamenti Məclisinin Sosial və Mədəni İnkişaf Komitəsinin üzvü Güldara Nurimova ictimaiyyətin iqlim dəyişikliyinin sağlamlığa təsirləri barədə yetərincə məlumatlandırılmasını vacib sayıb:
"İqlim dəyişikliyinin səhiyyə sisteminə təsirlərini azaltmaq məqsədilə hesab edirik ki, TÜRKPA-ya üzv dövlətlərdə tibb personalının bilik və bacarıqları artırılmalı və parlamentlərin müvafiq komitələri arasında əməkdaşlıq gücləndirilməlidir. Eyni zamanda ictimaiyyət iqlim dəyişikliyinin sağlamlığa təsirləri barədə yetərincə məlumatlandırılmalıdır. Eyni zamanda təbii fəlakətlərə dair erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi çox vacibdir".
Özbəkistan Ali Məclisi Senatının Elm, Təhsil və Səhiyyə Məsələləri Komitəsinin sədri Bahrom Abdullayev ölkəsində 2030-cu ilədək iqlim dəyişikliyinin təsirlərinin azaldılması üzrə dövlət strategiyasının mövcud olduğunu deyib:
"Bu strategiyaya əsasən əhalinin orta yaş dövrünün 78 yaşa çatdırılması, yoluxucu xəstəliklərin azaldılması, sağlam qidalanmanın təşviqi, atmosferə axıdılan zərərli qazların 35 faizədək endirilməsi kimi məsələlər prioritet təşkil edir. Beynəlxalq təşkilatlar da bu təşəbbüsü dəstəkləyir. Xüsusilə də səhiyyə sektorunda iqlim dəyişikliyinin zərərli təsirlərindən qorunmaq üçün təbliğat tədbirlərinin genişləndirilməsi üzrə işlər aparılır. Biz təklif edir ki, TÜRKPA dövlətləri iqlim dəyişikliyinin zərərli təsirlərinin azaldılması üçün birgə fəaliyyət göstərsin".
Şimali Kipr Türk Cümhuriyyətinin Məclisinin İnzibati, İctimai və Səhiyyə Məsələləri Komitəsinin sədri Filiz Besim isə bir çox ölkələrin COVID-19 pandemiyasından nəticə çıxarmadığını vurğulayıb:
"Biz bilməliyik ki, iqlim dəyişikliyinin gətirəcəyi problemlərlə bağlı hansı addımlar atılacaq və daha hansı işlər görülməlidir. Bir çox xəstəliklərin artması xüsusilə də uşaqlar və yaşlı nəslin nümayəndələri üçün çox təhlükəlidir. Su və sağlam qida problemi digər ölkələrlə bərabər Şimali Kipr əhalisinin də ciddi problemidir. Qlobal problem olan qida təhlükəsizliyi məsələsinin həlli birgə tapılmalıdır. Qidalanma gözəldir, amma əgər qəbul etdiyimiz qidalar sağlamlığımıza təhdid yaradırsa, bu, artıq ciddi problemdir. COVID-19 yayılanda deyilirdi ki, bu pandemiyadan sonra hər şey fərqli olacaq, amma bir çox ölkələr bu xəstəlikdən dərs çıxara bilmədi və yaşananlar təəssüf ki, tez bir vaxtda unuduldu".
Tədbir digər çıxışlarla davam etdirilib.