Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən “Location” gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.
Sosial şəbəkələrdə gedən müzakirələrdən belə nəticəyə gəlmək olur ki, bu faciənin baş verməsinə sevinən insanların sayı çoxluq təşkil edir. Səbəb olaraq isə, Ramazan ayında gənclərin kluba getməsi, milli mənəvi dəyərlərin əzilməsi göstərilir.
Bir faciəyə sevinmək, hadisə zamanı yaralılara belə ölüm diləməyin psixoloji səbəb və həlli yolları nələrdir? Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a bildirib ki, insanın vicdanı onun polisi olmalıdır: “Hər bir insanın başına hər yerdə hər şey gələ bilər. Heç kim başına nəyin gələcəyini öncədən bilə bilməz. Adam var ki, dini ziyarətə gedərkən vəfat edir”.

Elnur Rüstəmov: Cəmiyyət olaraq bu kimi məsələlərdə bir az diqqətli olmalı, emosianal yanaşmamalıyıq
Onun sözlərinə görə, bu mövzudakı həssaslıq hadisənin orucluğun ilk gününə düşməsi idi. Psixoloq deyir ki, bu faciənin Ramazanın ilk gününə düşməsi fikir müxtəlifliyinin yaranmasına səbəb olub: “Biz dünyəvi dövlətik, lakin insanların çoxu İslam dininə inanır. Düzdür, bu məsələyə nisbətən soyuqqanlı da yanaşmaq olardı. Çünki bu hadisə nəticəsində həyatını itirən var”.
Müsahibimizin dediyinə görə, ümumiyyətlə, cəmiyyət olaraq bu kimi məsələlərdə bir az diqqətli olmalı, emosianal yanaşmamalıyıq: “İnsanın vicdanı onun polisi olmalıdır. Həm inanclı insanların həssaslığını başa düşməli, digər şəxsləri də anlamağa çalışmalıyıq. Çünki illər ərzində belə hallar daim baş verib”.
Nuranə Daxilqızı
















