Vaşinqtonda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan, səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib. Verilən xəbərə görə, tədbirdə ABŞ Dövlət katibi Antoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.
Dövlət katibi Antoni Blinken çıxışı zamanı ABŞ Prezidenti Co Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik etmiş, baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd edib. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib.
















