• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

“Bəzən sənətə dəyər verilmir, amma bezmirəm"- Gənc rəssamla MÜSAHİBƏ

MÜSAHİBƏ

31 May 2023 | 13:58

“Bəzən sənətə dəyər verilmir, amma bezmirəm- Gənc rəssamla MÜSAHİBƏ

Maraqlı insandır. Maraqlı da rəsm əsərləri var. İşindən zövq alır. Deyir, “bəzən sənətə dəyər verilmir, amma bezmirəm. Sənətimi sevirəm”.

Bakıvaxtı.az-ın müsahibi rəssam Ariz Aslangil Ucar rayonunda anadan olub. Deyir, ailələrində, müxtəlif sənətlə məşğul olan istedadlı insanlar var. Elə rəsm çəkmək də ona öz ailə üzvlərindən keçib: ”İstedad insana verilir. Bunu öyrənmək olmur”.

Ariz 2000-ci ildə Ucar rayonu 2 saylı orta məktəbə gedib. 9-cu sinifdən məktəbdən ayrılıb. “Ağlım, fikrim sadəcə şəkil çəkmək idi” deyən həmsöhbətimiz o ərəfələrdə də sinif yoldaşlarımın şəkillərini çəkib.

“Həyat ağacı” kimi iş ortaya qoyduğum üçün qürur duyuram

- Söhbətə şəhidlərin xatirəsinə həsr olunmuş “Həyat ağacı” adlı işinizlə başlayaq. İdeya necə yarandı?

- Rayonumuzun şəhidlərinə həsr etdiyim "Həyat ağacı" əsəri Ucar rayonu Gənclər mərkəzinin giriş hissəsindədir.

Ucar rayonu Gənclər mərkəzinin direktoru Elamin Dıbırovun təşkilatçılığı ilə 10 gün ərzində xırda şüşə qırıntılarından hazırladığım əl işi 24 budaqdan ibarətdir və hər budaqdan bir şəhidimizin şəkli asılıb.

Qeyri adi, kreativ bir əsərdir.

Bu fikir ağlıma bir anlıq gəldi. Özümə inanaraq bu addımı atdım və mükəmməl bir iş ortaya çıxdı. Çətinliklə ərsəyə gəlməsinə baxmayaraq indiyə qədər özümlə fəxr edirəm ki, beləəsər yaratmışam. Əsərə verdiyim "Həyat ağacı" da ən sevdiyim addır.

Əsəri rayonda hər kəs seyr edir, qürur duyur.

- Maraqlı əl işləriniz var. Nə əcəb əsərlərinizi sərgilərdə nümayiş etdirmirsiniz?

- Əslində sərgi keçirmək kimi bir fikrim var. Sadəcə, bəzi rəsmlərim yekunlaşmayıb deyə, hələ sərgi keçirməyə hazır deyiləm.

Çəkdiyim şəkillərə can yandırdığımdan satmağa qıymaram

- Əl işlərinizi satırsınızmı? Ümumiyyətlə, rəsm işlərinə dəyər verilirmi?

- Hədiyyə edirəm ancaq. Çəkdiyim hər bir şəkilə can yandırdığımdan şəkilləri satmağa qıymaram heç vaxt.

Atamın əlindəki döymə məni tatto ustası olmağa sövq etdi

- Divar və dəriyə tatoo çəkməklə də tanınırsınız...

- Burada bu sənətlə tanınıram. "Tatto Ariz" və  ya "döymə vuran" da deyilir mənə.

Tattoya maraq isə atamın hərbidə olarkən əlinin üstünə etdirdiklərini görəndən sonra yarandı. Hansı ki,  atamın əlinin üstündə olan tattonu da dəyişib başqa bir şey etmişəm (gülür).

O vaxtlar professional aparatlar təbii ki, çox az sayda və insanlar da az tatoo etdirirdilər. Özüm üçün motorlu, üzərində iynəsi olan aparat düzəltdirdim. Onunla fəaliyyətə başladım. Bir müddət sonra isə Türkiyəyə getdim. Orada özümə tatto aparatı aldım və işləməyə başladım. İşimi daha səliqəli və keyfiyyətli görürəm artıq.

- İnsanlar divara, dəriyə  daha çox hansı çəkli çəkdirmək istəyir?

- Bizim rayonumuz o qədər də böyük deyil. Hansısa obyekt və ya iş yerində, evlərdə şəkil görəndə bilirlər ki, mənim əl işimdir.

Zövqlər müxtəlifdir. Daha çox mənzərə, ya hansısa canlının şəklini, ya da logo və obyekti təmsil edən bir şəkil istəyirlər çox vaxt.

Öz üzərimdə çox təcrübə keçmişəm

- Tattoo vurduran şəxsin sonradan həmin işdən narazı qaldığı anlar olubmu?

- Tatto etdirən şəxsə əvvəlcədən ilk təklifim yaxşı-yaxşı fikirləşməsi olur. Çünki ömür yoldaşıdır tatto.

Narazılıq belə hallarda olur ki, düzgün seçim etmir. Onda isə o tattonu dəyişib, yəni üzərinə başqa bir tatto edirik. Bunu masterlər yaxşı bacarır.

Tattonun ömrü onu bir müddət qoruyub, saxlamaqdan asılıdır. Rəngi solarsa, onu yenidən canlandırmaq mümkündür.

- Deyəsən, tatto təcrübəsini öz üzərinizdə etmisiniz. Çətin olmadı ki?

- Bütün tattolarımı öz bədənimə özüm etmişəm. İlk tattomda həyacanlı idim ki, bu da normaldır. Etdiyim hər kəsdə də bu cür olur. Vərəqlərdən dəriyə keçəndə bilirəm ki, məsuliyyətli bir işdir. Çünki adi bir səhv bədəndə xoşagəlməz görünə bilər.

Olduqca səbr tələb edən və çox maraqlı bir sənətdir. Mən misal üçün, özümə tatto edərkən bundan həzz alıram. Artıq öyrəşmişəm.

"Çox qəşəngdir", "halal olsun"la üzərindən keçirlər

- Ən çox və ən az vaxt aparan işləriniz yansılar olub? Heç olurmu, hansısa işə sərf etdiyiniz vaxta heyfslənəsiniz?

- Həvəsim olduğu üçün sərf etdiyim vaxta heyfim gəlmir. Bəzən 1 saat, bəzən də saatlarla işləsəm də, işimi sevdiyim üçün bezmirəm.

- İstedadlı, yaradıcı insanlar adətən paytaxta üz tuturlar. Bölgədə işləmək üçün şərait qane edirmi?

- Məni rayonumuz qane edir. Amma bir çox tanınmışlarla da iş görürük, paytaxta dəvət edirlər.

Təəssüflər olsun ki, sənətə və ya əl işlərinə çox az sayda adam qiymət verir. Bizim ölkəmizdə hər bir şəxsin öz istedadı var. Ancaq dəyər verilmir. "Çox qəşəngdir", ya da "halal olsun"la kifayət edirmiş kimi üzərindən keçirlər.

Murad Məmmədli


SON XƏBƏRLƏR