"Oyuncaq seçərkən yalnız təhlükəsizlik deyil, onun uşağın psixoloji inkişafına təsiri də nəzərə alınmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, oyuncaqların uşaqlara həm fizioloji, həm də psixoloji baxımdan təsiri ola bilər.
“Fizioloji baxımdan oyuncağın materialı, istifadə olunan boyaların tərkibi, keyfiyyəti və yaş qrupuna uyğunluğu diqqətlə qiymətləndirilməlidir. Xüsusilə xırda detallı oyuncaqlar azyaşlı uşaqlar üçün təhlükə yarada bilər. Buna görə də valideynlər təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər”, – deyə psixoloq bildirib.
Elnarə Baxışlı qeyd edib ki, oyuncaqların görünüşü və səsləri də uşağın psixoloji vəziyyətinə təsir göstərir.
Psixoloq qeyd edib ki, aqressiv obrazları əks etdirən, qorxu hissi yaradan və ya yüksək, kəskin səslər çıxaran oyuncaqların alınması tövsiyə edilmir. Həmçinin kiçik yaşlı uşaqlarda rəng anlayışının düzgün formalaşması üçün ilk mərhələdə əsas rənglərdən istifadə olunan oyuncaqlara üstünlük verilməsi daha məqsədəuyğundur.
"Valideynlər oyuncaq alarkən uşağın emosional vəziyyətini və psixoloji xüsusiyyətlərini də nəzərə almalıdırlar", - Elnarə Baxşılı əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



