"Ailə institutunun cəmiyyətin dayanıqlığında və gənc nəslin formalaşmasında rolu əvəzolunmazdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, ailə dəyərlərinin təhsil prosesi vasitəsilə gələcək nəsillərə ötürülməsi vacibdir. O, qlobal çağırışlara uyğun olaraq ailə institutunun möhkəmləndirilməsi və milli dəyərlərimizin yaşadılması istiqamətində ciddi işlərin həyata keçirildiyini vurğulayaraq, hazırda Ailə Konsepsiyasının hazırlandığını bildirib. Komitə sədri bu sənədin yalnız yol xəritəsi deyil, həm də gələcək nəsillərin sağlam və milli dəyərlərə əsaslanan şəkildə formalaşmasını təmin edəcək siyasətin və fəaliyyətin istiqamətlərini müəyyənləşdirəcəyini qeyd edib.
B.Muradova bildirib ki, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr, eyni zamanda onun ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərin milli ruhda tərbiyəsinin vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər bizim üçün əsas istiqamətverici amillərdir.
Ailə institutunun dayaqlarını sarsıdan təsirlərdən danışan sədr, xüsusilə televiziyada yayımlanan bəzi verilişlərdə ailə institutuna zidd halların təqdim olunmasının cəmiyyətdə narahatlıq doğurduğunu və bu məsələnin gündəlik müzakirə mövzusuna çevrildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının ictimai fəaliyyəti çərçivəsində aparılan təbliğat və maarifləndirmə işləri xüsusi əhəmiyyət daşıyır: “Bu sahədə müvafiq dövlət qurumları və QHT-lər arasında əməkdaşlıq genişləndirilir, ailə dəyərlərinin qorunması məqsədilə müxtəlif layihələr icra olunur”.
Komitə sədri bildirib ki, məktəbəqədər müəssisələrdə təlim və tərbiyə prosesinin uğurlu aparılması üçün ailənin rolu həlledicidir və bu məsələdə valideynlərin maarifləndirilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır.
Bahar Muradova xarici dildə təhsil verən məktəblərdə ana dili, milli tarix və mədəniyyətə dair dərsliklərin mövcudluğunun xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O əlavə edib ki, təhsil siyasətində rəqəmsal transformasiya və mənəvi sağlamlığın strateji hədəf kimi qəbul edilməsi, bu dəyərlərə əsaslanan maariflənməni ön plana çıxarır.