Yetkinlik yaşına çatmayanların özünə zərər verməyə yönəldilməsi və dost kimi təqdim edilən maşınlar tərəfindən aldadılması nümunələrindən sonra süni intellekt üzrə qlobal miqyasda uyğunlaşdırılmış qaydalar uşaqların təhlükəsizliyinə üstünlük verməlidir.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Cenevrədə keçirilən BMT-nin Süni İntellekt İdarəetməsi üzrə Qlobal Dialoqu tədbirində çıxışı zamanı BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O, süni intellektin hər kəsin ayaqlaşa biləcəyindən daha sürətli inkişaf etdiyi barədə xəbərdarlıq edərək, xüsusilə uşaqlar üçün potensial riskləri azaltmaq üçün qlobal miqyasda uyğunlaşdırılmış qaydalara çağırıb.
"Əgər süni intellekt güclü olmaq istəyirsə, o, idarə olunmalıdır. İqtisadiyyatı yenidən formalaşdıra, iş dünyasını dəyişdirə, seçkilərə təsir göstərə və təhlükəsizlik balansını poza bilən bir texnologiya, onu quran insanlar da daxil olmaqla, hər kəsin ayaqlaşa biləcəyindən daha sürətli tətbiq olunur. Təhlükəsizliyi sübut olunana qədər dərmanın uşağa çatmasına icazə vermirik. Hər oyuncağı sınaqdan keçiririk. Lakin süni intellekt uşaqlarımıza - onların öyrənməsinə, dostluqlarına, ən şəxsi suallarına - kimsə bunun onlara nə edəcəyini soruşmazdan əvvəl çatıb", - deyə Quterreş qeyd edib.
Baş katib hesab edir ki, sistemlərin uşaqların cinsi təsvirlərini yaratmasına icazə verilməməlidir.
Gülşən Şərif
Bakı 



