Son vaxtlar Bakıda taksi xidmətləri ilə bağlı vətəndaşlar arasında narazılıqlar artmaqdadır.
Bakıvaxtı.az-ın məlumatına görə, sərnişinlər əsasən "ekonom" sinfə aid taksilərin demək olar ki, tamamilə yoxa çıxmasından və ümumi qiymətlərin kəskin bahalaşmasından şikayət edirlər. Onlar bildirirlər ki, əvvəlki dövrlərdə mövcud olan ucuz tariflər artıq tətbiq olunmur, sifariş zamanı isə əsasən yalnız "komfort" kateqoriyalı avtomobillər mövcud olur. Bundan əlavə, qısa məsafələr üçün belə yüksək ödəniş tələb olunması ictimai narazılığı daha da artırıb.
Məsələ ilə bağlı Bakıvaxtı.az olaraq populyar onlayn taksi platforması "Bolt"a sorğu ünvanladıq.
Şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, "Bolt" tətbiqində gediş haqları marşrutun uzunluğu, sifariş anında mövcud olan tələb-təklif nisbəti, təyinat dəyişikliyi, gözləmə vaxtı və digər amillərə görə dəyişə bilər. Tıxac, yol işləri və əlavə ünvanların daxil edilməsi də yekun qiymətə təsir edən faktorlardandır.
Məlumatda qeyd olunur ki, bəzi hallarda sürücülərin sayı tələbatdan çox olduqda qiymətlər aşağı düşə bilər, əks halda isə qiymət artımı müşahidə olunur. Ümumilikdə, "Bolt"un qiymətləri baza haqqı, səfərin müddəti və məsafəsi əsasında formalaşır. Əlavə ödənişlər isə yalnız təklif və tələbatın balanssız olduğu hallarda tətbiq edilir.
Şirkətdən o da bildirilib ki, taksi xidmətləri sahəsində lisenziyasız avtomobillərin fəaliyyətinin dayandırılması ilə bağlı yeni qanunun qüvvəyə minməsi səbəbindən ümumi sifariş sayında müəyyən azalma baş verə bilər. Bu isə avtomobil parkının ümumi sayına və nəticə etibarilə qiymətlərə təsir göstərə bilər.
Platformanın mövqeyinə görə, bu proses neqativ hal kimi qiymətləndirilməməlidir. Son illər ərzində dövlət və nəqliyyat xidməti göstərən şirkətlərin həyata keçirdiyi islahatlar və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi nəticəsində sərnişinlər arasında mikromobillik vasitələrinə və ictimai nəqliyyata maraq artıb.
Əli Hüseynov