Böyük Britaniyanın Müdafiə Naziri Con Hili iddia edib ki, Rusiya hər gün ölkəyə qarşı kiberhücumlar təşkil edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hili BBC telekanalına verdiyi müsahibədə bildirib.
"Rusiya hər gün Böyük Britaniyaya hücum edir. Bu, müxtəlif dövlətlər tərəfindən müdafiə sistemlərimizə edilən 90 minə yaxın kiberhücumun bir hissəsidir", – deyə nazir bildirib.
Kiberhücumların sayı iki il ərzində iki dəfə artıb
Əvvəllər The Daily Telegraph qəzeti yazıb ki, son iki ildə Böyük Britaniyanın Müdafiə Nazirliyi təxminən 90 min kiberhücuma məruz qalıb və bu rəqəm 2023-cü ildəki məlumatlarla müqayisədə iki dəfə çoxdur. Qəzet iddia edib ki, hücumlar əsasən Rusiya və Çin ərazisindən həyata keçirilib.
Kiberkomandanlıq üçün milyardlarla funt sterlinq ayrılır
Hili vurğulayıb ki, buna görə London əlavə milyardlarla funt sterlinq ayıraraq kiberkomandanlıq qurur.
"Biz dəyişən bir dünyada yaşayırıq və bu dəyişikliklərə cavab verməliyik. Bu, artan təhlükələrlə, güclənən Rusiya təhdidi, gündəlik kiberhücumlar, yeni nüvə riskləri və digər bölgələrdə artan gərginliklərlə dolu bir dünyadır", – deyə o əlavə edib./apa