Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra sabit siyasi sistemi və inkişaf edən iqtisadiyyatı ilə dünya ölkələrinin diqqət mərkəzindədir. Ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda yeni reallıq yaratması və siyasi iradə nümayiş etdirdiyi danılmaz faktdır.
Mövzu ilə bağlı deputat Tahir Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, düşmən üzərində tarixi qələbə Azərbaycan xalqının ən böyük nailiyyətidir.
Onun sözlərinə görə, suverenliyimizin tam təmin olunması və müstəqilliyimizin qorunması dövlətin ali məqsədidir. Azərbaycan prezidenti o amal uğrunda böyük siyasət və müdriklik nümayiş etdirir:
"Əlbəttə ki, tarixi qələbə yeni reallıqlar ortaya qoyub və ölkə rəhbəri dəfələrlə bunu xatırladıb. Ölkə baçısı bildirib ki, bundan sonra biz yeni reallıqlarla uyğun olaraq öz işimizi qurmalı, təhlükəsizliyimizi təmin etməli, ordumuzu gücləndirməli, işğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərini davam etdirməliyik. Bu, günün tələbidir. Çünki Azərbaycan torpaqları 30 ildən çox düşmən tapdağı altında qaldı. Şəhər və kəndlərimiz dağıdıldı, mədəni abidələrimiz məhv edildi, meşələr qırıldı, göllər zəhərləndi. Nəticədə düşmən Azərbaycan iqtisadiyyatına külli miqdarda ziyan vurdu”.
Deputat vurğulayıb ki, yeni reallıqlar zəminində həm ordunu gücləndirmək, həm təhlükəsizliyimizi təmin etmək, həm də davamlı iqtisadi inkişafa nail olaraq işğaldan azad olunmuş torpaqlarda işlər həyata keçirmək lazımdır. Bu, həm də regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan prezidentinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər qürurvericidir.
T.Rzayev vurğulayıb ki, bu yaxınlarda Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşündə də təhlükəsizliyimizin təmin olunması, iqtisadiyyatın yüksəlişi, əməkdaşlığın möhkəmləndirilməsi ali məqsəd kimi qarşıya qoyulub. Bildirilib ki, bu gün Azərbaycanın iqtisadi, mədəni, ticari, turizm, nəqliyyat sahələri ilə yanaşı, enerji təhlükəsizliyi sahəsində də Avropada böyük rol oynayır. Bu sahədə Türkiyədən keçən boru kəmərləri çox mühüm əhəmiyyətə malikdir.
Tahir Rzayev: Azərbaycan-Türkiyə-Pakistan birliyi regionda böyük güc deməkdir
"Şübhəsiz ki, atılan bu addımlar geosiyasi əhəmiyyət daşıyır. Zirvə görüşündə Azərbaycan prezidentinin səsləndirdiyi kimi, qazanılan uğurlar möhtəşəmdir və bu uğurlar bundan sonra da davam etdirilməlidir. O, qürurla bildirmişdi ki, artıq Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır. Bu bölgəyə həyat qayıdıb. Biz qayıtmalıyıq və qayıtmışıq. Artıq 4 ildən çoxdur ki, müzəffər xalq və dövlət kimi yaşayırıq", - T.Rzayev qeyd edib.
Müsahibimizin fikrincə, bu gün enerji təhlükəsizliyi və iqtisadiyyatın yüksəlişində Azərbaycan-Türkiyə əməkdaşlığı bölgədə mühüm rol oynayır. Nəqliyyat sahəsində inkişaf yolu, Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələr öz töhfəsini verməkdə davam edir. Bu isə iqtisadi inkişafın sürətlənməsinə təsirsiz ötüşmür. Azərbaycanın Türkiyə və Pakistanla münasibətləri yüksələn xəttlə inkişaf edir:
"Tərəflərin imzaladıqları sənədlər gələcəyə hesablanıb. Bu dövlətlərin birliyi regionda böyük güc deməkdir. Çünki bu üç dövlətin yaratdığı güc dünyada müharibə və qarşıdurmaya deyil, demokratiya və təhlükəsizliyin təmin olunmasına, xalqların milli maraqlarına xidmət edir. Bu isə Azərbaycanın firavan gələcəyindən xəbər verir".
Gülşən Şərif