“Liverpool” futbol klubunun Premyer Liqadakı çempionluğunu qeyd edən azarkeşlərin üzərinə avtomobilin sürülməsi nəticəsində yaralananların sayı 109 nəfərə yüksəlib.
Bakıvaxtı.az BBC-yə istinadla xəbər verir ki, bu barədə polis məlumat yayıb. Hadisə mayın 26-da, yerli vaxtla saat 18:00 radələrində Liverpulun “Water Street” küçəsində baş verib. Avtomobil “Liverpool” klubunun azarkeşlərinin toplaşdığı izdihamın içinə girib. Yaralananlar arasında 9 yaşlı uşaq da olub.
Hadisə ilə bağlı 53 yaşlı Pol Doyl saxlanılıb və o, məhkəmə qarşısında ifadə verib. Ona qarşı 7 maddə üzrə ittiham irəli sürülüb. Bunlara qəsdən ağır bədən xəsarəti yetirmə, qəsdən xəsarət yetirməyə cəhd və təhlükəli sürücülük daxildir. Keçmiş hərbçi və üç uşaq atası olan Doyl avqustun 14-də yenidən məhkəmə qarşısına çıxacaq və o zaman öz mövqeyini açıqlayacaq.
Əvvəlcə polisin təsdiqlədiyi rəqəmə əsasən, hadisədə 79 nəfər xəsarət almışdı. Lakin sonradan bir sıra şəxslərin yüngül xəsarətlərlə özbaşına xəstəxanalara müraciət etdiyi məlum olub və bu səbəbdən ümumi yaralı sayı 109 nəfərə yüksəlib. Polis bildirib ki, zərərçəkənlərin vəziyyəti ilə bağlı araşdırmalar davam edir.