Asiya və Aralıq dənizi arasındakı “Böyük İpək Yolu” bizim eradan əvvəlki dünyanın ən uzun yol şəbəkəsi kimi iki min ildən artıqdır ki, qorunub saxlanılır.
Bəli, İpək Yolu iki min ildir ki, Asiya və Avropa arasında əlaqə rolunu oynayır. Onun adı səhra qumlarında vahələrin, parça və ədviyyat alveri ilə məşğul olan tacirlərin və təhlükəli ərazilərdə gözəl səyahətlərin füsunkar şəkillərini xatırladır.
“Böyük İpək Yolu” - e. ə. II əsrin axırlarından b.e. XVI əsrinə qədər fəaliyyət göstərən Çindən Şimali Afrika və İspaniyaya qədər uzanan ticarət yollarının ümumi tarixi adıdır. Öz başlanğıcını Şərqi Çin dənizi sahilində yerləşən Sinan şəhərindən götürən, Avropa və Asiyanın bir çox şəhərlərini birləşdirən bu yolun uzunluğu 13 min km-dir.
***
Böyük coğrafi kəşflər - yeni yaranmış dəniz yolu “Böyük İpək Yolu”nun əhəmiyyətinə təsir etsə də, sıradan çıxmasına səbəb olmadı. “Böyük İpək Yolu”nun dirçəldilməsi uğrunda TRASEKA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı irəli sürüldü.
Belə ki, TRASEKA proqramı Böyük İpək Yolunun yüz illər sonra yenidən canlanmasını, Avropa, Qafqaz və Orta Asiya dövlətlərini birləşdirən nəqliyyat-kommunikasiya sistemini özündə birləşdirir.
TRASEKA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRASEKA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.
TRASEKA layihəsinin reallaşması ideyası 1998-ci il sentyabr ayında Azərbaycanda öz kulminasiya nöqtəsinə çatdı. Bu tarixdə Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının (Aİ) TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.
TRASEKA proqramı Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?
Bu və digər suallarımıza TRASEKA proqramının əsasını təşkil edən ilk beynəlxalq sənədlərin hazırlanmasında iştirak etmiş, məşhur iqtisadçı-alim, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, akademik Ziyad Səmədzadə cavab verib.
Z.Səmədzadə bildirib ki, TRASEKA proqramı bir çox ölkələrin, o cümlədən bizim respublikamızın da maraqlarına toxunur: “Əlbəttə, Azərbaycan üçün onun çox böyük əhəmiyyəti vardır. Ölkəmizin əlverişli nəqliyyat şəraitindən, coğrafi mövqeyindən daha səmərəli istifadə etmək üçün real imkanlar yaranır.
Məlumdur ki, bu yaxınlara qədər respublikanın başlıca nəqliyyat dəhlizi şimal istiqamətində dəmir yolu olubdur. İqtisadi-ticarət əlaqələrinin xeyli hissəsi məhz bu nəqliyyat dəhlizi vasitəsilə həyata keçirilibdir.
Sovet İttifaqının dağılmasına qədər respublikanın yük dövriyyəsinin 90 faizə qədəri SSRİ regionlarının, xüsusilə Rusiyanın payına düşürdü. Müstəqillik əldə etdikdən sonra Azərbaycan sərbəst olaraq özünə partnyorlar seçib, xarici iqtisadi siyasətini formalaşdırıbdır. Bu gün respublikanın coğrafi əlaqələrinin strategiyası və strukturu kəskin dəyişib, bu strukturda Yaxın Şərqin, Asiyanın, Avropanın xüsusi çəkisi artıbdır. Azərbaycan əlverişli iqtisadi şəraitdən, güclü nəqliyyat amilindən istifadə edərək öz iqtisadiyyatının strukturunu yaxşılaşdırmaq, onun səmərəliliyini artırmaq üçün real imkanlar əldə edibdir.
Əlbəttə, yeni nəqliyyat istiqamətinin Azərbaycan üçün əhəmiyyəti təkcə bununla müəyyən edilmir. İri nəqliyyat dəhlizinin mərkəzində yerləşən respublikamız öz ərazisindən keçən yüklərin daşınmasından böyük gəlir əldə edəcək. Burada ölçülər, həqiqətən, çox böyükdür. Biz son 20 ildə bu dəhlizin iştirakçıları olacaq Asiya və Avropa ölkələrindən gələn yük axınlarını təhlil etmişik. Hətta ən cüzi hesablamalara görə, yüklərin yarısı belə Azərbaycanın ərazisindən daşınarsa, bu, hər il azı bir neçə yüz milyon dollar deməkdir”.
***
Akademik Z.Səmədzadə bildirib ki, dövlətlərin və Aİ-nin nümayəndələrinin ətraflı, ciddi müzakirələrindən sonra Brüssel Bəyannaməsi imzalanıbdır: “Bizim respublika adından bəyannaməni nümayəndə heyətinin rəhbəri və texniki yardımın göstərilməsi üzrə milli koordinator kimi mən imzaladım.
Bəyannamədə deyilir ki, iştirakçı ölkələrin nümayəndələri beynəlxalq daşımalar, ticarət və müvafiq qaydalara dair məsələlərin birgə həll olunacağına öz razılıqlarını bəyan edir, öz ölkələrinin coğrafi mövqeyi nəzərə alınmaqla, tranzit daşımalarının potensialının yüksəldilməsində maraqlı olduqlarını bildirir, qonşu ölkələrin tranzit yüklərinin keçirilməsinin mümkünlüyünü nəzərə alaraq yüksək buraxılış qabiliyyəti olan etibarlı nəqliyyat yollarının inkişafının zəruriliyini qeyd edirlər.
Bəyannamədə həmçinin nümayəndə ölkələrin nəqliyyat sistemlərinin və bununla əlaqədar, regional əsasda ticarət xidmətlərinin inkişafı sahəsində əməkdaşlığın istiqamətləri barədə, Avropa-Qafqaz-Asiya dəhlizinin fəaliyyət göstərdiyi, ərazisindən keçdiyi yeni müstəqil dövlətlərə Aİ-nin məsləhət, tədris, məlumat, texniki yardımının xarakteri və istiqamətləri barədə arzular öz ifadəsini tapıbdır.
Hazırda nəqliyyat sistemində pozitiv dəyişikliklər baş verir. Onu xüsusilə qeyd etmək istərdim ki, son dərəcə çətin şəraitə, maliyyə məhdudiyyətlərinə baxmayaraq, nəqliyyat işçiləri maneələri aradan qaldıra biliblər və bu gün bütövlükdə nəqliyyat kompleksi normal fəaliyyət göstərir”.
***
Z.Səmədzadə bildirib ki, Heydər Əliyevin səyləri nəticəsində Aİ “İpək Yolu” layihəsi ilə bağlı beynəlxalq səviyyəli bir tədbirin Azərbaycanda keçirilməsinə razılıq verdi: "1998-ci il sentyabr ayının 20-də Bakı şəhərində "İpək Yolu" layihəsi ilə bağlı Azərbaycanın ev sahibliyi etdiyi geniş və yüksək səviyyəli beynəlxalq konfrans keçirildi.
Belə bir yüksək səviyyəli toplantının baş tutmasında da, heç şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xidmətləri müstəsna idi. Tədbir Heydər Əliyevin parlaq, əhatəli, son dərəcədə məzmunlu, gələcəyə hesablanmış giriş və yekun çıxışları ilə də yaddaşlarda qaldı. Konfrans müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, siyasi nüfuzunun artmasına xidmət edən Heydər Əliyev strategiyasının düzgünlüyünü, reallığını bir daha təsdiq etdi.
TRASEKA proqramının reallaşmasında Azərbaycan dövlətinin qurucusu və memarı, böyük öndər Heydər Əliyevin xidmətləri müstəsnadır, əvəzedilməzdir. Məhz onun qətiyyəti, böyük, yenilməz iradəsi sayəsində bir sıra önəmli layihələr kimi, bu layihə də gerçəkliyə çevrilə bildi.
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Xəzərin statusunun qəbul edilməsi, Yeni Bakı limanının, Bakı Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Xəzər Dənizçilik Donanmasının müasir gəmilərlə təminatnın ildən-ilə yaxşılaşması, Ələt Xüsusi İqtisadi Zonasının yaradılması, eləcə də nəqliyyat kompleksinin inkişafına xidmət edən mühüm tədbirlərin həyata keçirilməsi təkcə Azərbaycanın deyil, Türk dövlətlərinin iqtisadi gücünü, beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycan tranzit yük axınının kəskin artmasına hazırdır
TRASEKA Hökumətlərarası Komissiyasının (PS IGC) Daimi Katibliyinin milli katibi Rüfət Bayramov bildirib ki, Azərbaycan tranzit yük axınının kəskin artmasına hazırdır.
“TRASEKA-nın 2022-2026-cı illər üzrə ümumi strategiyası var. Həmin strategiya üzrə biz dövlətlərarası komissiya olaraq hazırda fəaliyyət göstəririk. Burada bir neçə vacib məqamlar var. Əsas məqamlar ondan ibarətdir ki, mövcud olan layihələrimiz dəhlizin rəqəmsallaşdırılması ilə bağlıdır. TRASEKA rəqəmsal konsepsiyanı qəbul edir, onun çərçivəsində bir neçə layihə həyata keçirilir. Elektron sənəd vasitəsilə yükdaşıyıcılar konteyner daşımalarında yükün çıxış nöqtəsindən son nöqtəsinə qədər həm prosesləri izləyə bilir, həm də elektron sənəd vasitəsilə həmin yükləri Asiya-Avropa arasında daşımalarda tətbiq edə bilir”.
O qeyd edib ki, TRASEKA olaraq hazırda təşkilatın genişləndirilməsi üzərində işlər gedir və Türkmənistanın da proqrama qoşulması üçün texniki məsələlər həll olunur.
“Azərbaycan Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanları genişləndiriləcək. Bununla əlaqədar biz TRASEKA olaraq ölkələrə bir neçə təklif irəli sürmüşük. Bunlardan biri sərhədlərdə elektron sıraların yaradılması məsələsidir. Güman edirik ki, bu, müəyyən dərəcədə yükdaşımalara kömək edə bilər. Bundan əlavə bizim yeni bir layihəmiz var. Biz artıq pilot daşımanı həyata keçiririk. Litva istiqamətindən Orta Asiya, Qazaxıstana qədər, Azərbaycandan keçmək şərtilə yarımqoşquların daşınması həyata keçirildi. Yəni avtomobil artıq sürücü ilə gəlmir. Elektron sənədlərin tətbiqi həm çevik şəkildə yükdaşımanı həyata keçirməyə imkan verir, həm də bu xidməti göstərən şirkətlərə nisbətən daha rəqabət qabiliyyətli olur”, -deyə Rüfət Bayramov bildirib.
Keçid rəqəmsallaşır, yükdaşıma sürətlənir
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) bu ilin 3 iyul tarixində açıqladığı məlumata görə, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən orta dəhliz boyunca yerləşən ölkələr milli gömrük sistemlərini eTIR beynəlxalq sisteminə qoşulacaq. Nəticədə həmin ölkələrin gömrük idarələri və nəqliyyat operatorları TIR məlumatlarını maneəsiz şəkildə mübadilə edə və qəbul edə biləcək. Bu da yükdaşımanın həcminin artmasına imkan verəcək.
Qeyd edək ki, beynəlxalq daşımalarda və yüklərin tranzitində rəqəmsal dövrə yol açan ilk eTIR daşımaları bu ilin əvvəlində Özbəkistan və Azərbaycan arasında baş tutub.
O vaxtdan bəri orta dəhliz boyunca Azərbaycan, Gürcüstan və Özbəkistan qarşılıqlı əlaqə layihələrini tamamlayıb və uyğunluq sınaqlarını yekunlaşdırıb, Pakistan və Tunis isə uyğunluq sınaqlarını yekunlaşdırmaq üzrədir.
-Statistika
Dövlət Statistika Komitəsinin 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında son məlumatına görə, 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton, yük dövriyyəsi isə 12648,9 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub. Yüklərin 27966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13634,6 min tonunu tranzit yüklər təşkil edib.
Ramid İbrahimov
"Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur