Təəssüflər olsun ki, son günlərin ən aktual mövzusu narkomaniyanın gənclər arasında yayılması və sosial şəbəkələrdə narkotik vasitələrin kütləvi şəkildə satışının həyata keçirilməsidir. Bəs bu prosesin qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az saytına açıqlama verən deputat Fazil Mustafa narkomaniyanın qarşısını almaqda cəmiyyətin iştirakının vacib olduğunu bildirib: “Narkomaniya elə bir bəladır ki, buna qarşı mübarizə sadəcə qanunla tənzimlənmir, burda daha çox iradə rol oynayır. Əgər bizdə yetərincə iradə olmasa, narkomaniya hazırda ölkədə böyük bir fəlakətə çevrildiyi kimi, bundan sonra da bu fəlakətli halı daha pis formada davam etdirəcək”.

Fazil Mustafa qeyd edib ki, narkomaniyanın həm gənclər arasında yayılmasının, həm də sosial şəbəkələrdə satışının qarşısının alınması üçün cəmiyyətimiz ciddi şəkildə səfərbər olmalıdır: “Bunun üçün dərhal müvafiq qurumlar tərəfindən bu istiqamətdə olan bütün fəaliyyətlərə nəzarət edilməlidir. Narkomaniya elə məsələdir ki, qarşısını ala bilmək üçün bütün cəmiyyət iştirak etməlidir. Bu mübarizədə cəmiyyətin iştirakı tam şəkildə yoxdursa, heç bir effekt verməyəcək.”
Aytac Aslan
















