Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı "Report"a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli bildirib ki, 2023-cü ilin statistik məlumatlarına əsasən, hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır.
O qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.
Onun sözlərinə görə, 69 min 435 nəfərdən 25 min 257-si beş il və beş ildən yuxarı yaşayan insanlardır:
"2023-cü ildə 5 min 668 xəstəyə birinci-ikinci mərhələdə diaqnoz qoyulub. 4 min 608 nəfərə üçüncü, 3 min 390 nəfərə isə dördüncü mərhələdə diaqnoz qoyulub".
Onkoloq bu xəstəliyin vaxtında aşkarlanması üçün insanların məlumatlı olmasının vacibliyinə də toxunub:
"Bu mövzuda maarrifləndirmə işləri mütəmadi şəkildə davam etməlidir. Bu xəstəliklə əlaqəli bütün cəmiyyət, ölkə mübarizə aparmalıdır. Onkoloqlar tək başına bu yükün altına girə bilməz. Hazırda ən böyük "təbliğat maşını" televiziyalardır. Televiziyalarda bu sahədə maarifləndirmə işləri isə çox zəifdir. Heç olmasa həftədə bir dəfə verilişlərdə onkoloji problemlərə yer ayrılmalıdır. Bəzən televiziyalarda bu mövzuya vaxt ayrılsa da, daha çox özəl klinika və həkimləri reklam olunur. Bununla da razı deyiləm".