Çində martın əvvəlindən etibarən COVID-19 virusuna yerli yoluxma hallarının çoxalması səbəbindən Şencen şəhərində martın 14-də qapanma elan edilib.
Bakıvaxtı.az şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, bir həftə ərzində bütün yaşayış məhəllələri qapalı sistemdə olacaq. Bu müddətdə şəhərdə ictimai nəqliyyat, o cümlədən metro fəaliyyət göstərməyəcək. Bundan başqa, bütün iş yerləri, istehsal müəssisələri, ərzaq və gündəlik tələbat malları satışı ilə məşğul olam mağazalar istisna olmaqla ticarət mərkəzləri bağlı olacaq. Şəhər sakinlərinə evdən onlayn formada işləmək tövsiyə olunub.
Virusa yoluxanların müəyyən edilməsi üçün 3 mərhələdə kütləvi test aparılacaq.
Qeyd edək ki, Çində martın əvvəlindən sutkalıq yoluxmalar davamlı çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka ölkə daxilində 1337 təsdiqlənmiş və 788 asimptomatik yoluxma aşkarlanıb. Sutkalıq bu cür yüksək rəqəmlər Çində COVID-19 böhranının qızğın vaxtlarında (2020-ci il yanvar-fevral ayları) qeydə alınırdı (AzərTac). Bundan başqa, xaricdən gələn 100 nəfərin virusa yoluxduğu, 118 nəfərin isə asimptomatik pasiyent olduğu aşkarlanıb. Yoluxmaların əsas hissəsi “omikron” ştamı ilə əlaqəlidir. Yoluxmalar paytaxt Pekin də daxil olmaqla təxminən 56 şəhərdə aşkarlanıb.
Artıq Çinin maliyyə mərkəzi və ən iri şəhərlərindən olan Şanxayın bütün orta məktəblərində əyani tədris müvəqqəti olaraq dayandırılıb, sakinlərə ciddi səbəb olmadığı təqdirdə şəhəri tərk etməmək tövsiyə olunub, ali məktəblərin kampuslarına giriş-çıxış bağlanıb, muzeylər, kinoteatrlar, parklar da daxil olmaqla mədəniyyət və istirahət obyektlərinin çoxu fəaliyyətini dayandırıb. Təxminən 9 milyon sakini olan Çançun şəhərində də qapanma elan edilib, ictimai nəqliyyatın, taksilərin, habelə şəhərlərarası avtobusların fəaliyyəti dayandırılıb. Epidemiya ilə mübarizəni düzgün təşkil etmədiyinə görə Cilin şəhərinin meri vəzifəsindən uzaqlaşdırılıb.















