Müasir dünyada, demək, olar hər şeyi onlayn formada həll etmək olur. Beləliklə, vaxtımıza da qənaət etmiş oluruq. Ancaq təəssüf ki, bəzi məsələləri hələ də tam olaraq elektron formada həll edə bilmirik. Bu da həm vaxt, həm də pul itkisinə gətirib çıxarır.
Bakıvaxtı.az saytı xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev Vergilər Xidmətinin elektron formada nümunə göstərə bilməməsindən şikayətlənib:
“3 illik ASAN imzanın vaxtı bitib. Azərcell şirkətinə zəng vurdum, məlum oldu ki, məsələni online şəkildə həll etmək olur. Balansını 20,5 manat (aylıq abunə haqqı 2,5 AZN + yenidən qoşulma haqqı 18 AZN) olması kifayədir ki, müqaviləni 3 il müddətinə uzatsınlar. Vergilər Xidmətinə (195-1) zəng vurub soruşuram ki, özəl şirkət məsələni online şəkildə həll edir, sizin elektron hökumət platformanıza öz töhfəsini verir, bəs siz hansı nümunəni göstərirsiniz? Məlum olur ki, bunun üçün bütün kağız sənədləri (ŞV, VÖEN vəsiqə, köhnə müqavilə və s.) yığıb yenidən ASAN xidmətə getməliyik. Axı niyə? Dövlət qurumu niyə nümunə göstərə bilmir? Şəxsiyyə vəsiqəm e-gov da (DİN) var. VÖEN vəsiqəm həmçinin (vergilərin sistemində). Qalır ASAN imza. Onu da Azərcell ümumi şəbəkəyə göndərir. Bəs onda bunun üçün ASAN-da növbə tutub, vaxt sərf etməyə nə lüzum var?
ASAN imza xidməti ümumiyyətlə ləğv edilməlidir. Bunun bir adı var: sahibkarı soymaq. Ola bilsin iri şirkətlər üçün bu vəsait xırdadır. Amma kiçik sahibkarlar üçün az pul deyil. Niyə hansısa şirkətin (deyəsən Eston şirkətidir) yaratdığı sistemə alternativ pulsuz mexanizm tətbiq edilmir?”
Aytac Aslan
















