“Nə qədər ki, bəzi insanlar kinonu, teatrı idarə edirlər, o vaxta qədər də bu sahədə inkişafdan danışa bilməyəcəyik. Sənəti inkişaf etdirmək üçün bu işin qədrini bilmək lazımdır. Burada tanışlıq, qohumluq, rəfiqəlik olmamalıdır. Əsl sənətkar üçün yol açılmalıdır. O da çox təəssüf ki, bu gün yoxdur. Ona görə də aləm dəyib bir-birinə. Bu belə də olmalı idi. Həddən artıq pərakəndəlikdir. Çox şeyləri mən xırdalamaq istəmirəm. Hər bir vəzifədə olan insan Azərbaycan xalqının mənliyini, şəxsiyyətini, onun mədəniyyətini doğma hesab etməyənə qədər belə olacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. Sənətkar daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Səyyad Aranın xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması təklifini səsləndirməsinə də münasibət bildirib:
“Cahangir çox istedadlı insandır, sənətkardır. Türkiyədə teatr yaradıb, dərs deyir. Niyə burada işləməli deyil ki, gedib orada çalışır? Çox istərdim ki, gəlsin Azərbaycanda, öz doğma vətənində işləsin. Həm aktyor, həm də rejissor kimi çox istedadlıdır. Amma bu sahəni təkcə Cahangir düzəldə bilməz. Bu bir nəfərlə olmur.
Teatr, kino kollektiv sənətdir. Şairlik, bəstəkarlıq individual sənətdir, gedib Şamaxının dağında da oturub mahnı yazmaq, yaxud bəstələmək olar. Amma teatr və kino çətin sənətdir. Rəhmətlik Səməndər Rzayev demiş, həm qəlizdir, həm də maraqlı. Ona görə də bu işlərin qədrini bilən adamlar lazımdır. Müəyyən situatsiya var ki, o həll olunmayana qədər sənət belə qalacaq, hamı bir-birinə nifrət edəcək. Çünki əksər adamlar yerində deyil” deyə sənətkar bildirib.
Qeyd edək ki, C.Novruzov hazırda Adanada Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, Türkiyəyə getməzdən əvvəl Azərbaycanda bir sıra teatrlarda quruluşçu rejissor və baş rejissor vəzifələrində işləyib, eyni zamanda bir sıra televiziya tamaşaları və filmlərdə müxtəlif rolları canlandırıb.