• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Deputatdan partiya sədrinə CAVAB: Ya savadsızlıqdan, ya düşmənçilikdən...

SİYASƏT

06 Aprel 2022 | 17:30 | Müəllif: Qalib İbrahimoğlu

Deputatdan partiya sədrinə CAVAB: Ya savadsızlıqdan, ya düşmənçilikdən...

 

“Ölkəmizi sevməyən xarici qüvvələrin əsiri olan Əli Kərimli kimi antimilli qüvvələrin “müqəddəs” vəzifələri Azərbaycanda xaos yaratmaqdır”. Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı bildirib.

Deputat qeyd edib ki, bu qüvvələrin yeganə hədəf və məqsədləri nəyin bahasına olursa olsun ölkəmizdə hərc-mərclik yaratmaqdır: “Azərbaycanı Ukrayna və Rusiya ilə müqayisə edən bu anti-milli qüvvələrin yanaşması və müqayisəsi o qədər qərəzlidir ki, heç düşmən də belə deməz. Sözsüz ki, bunun səbəbi bilməməzlik və ya savadsızlıq deyil. Bunun səbəbi öz ölkəsinə və millətinə olan xainlikdən irəli gəlir. Mənsub olduğu xalqın, vətəndaşı olduğu respublikanın, eləcə də dövlətin əldə etdiyi nailiyyətləri görməmək ancaq başqalarının sifarişini yetirməkdən qaynaqlanır. Bu antimilli qüvvələr vicdan sözünün nə olduğunu belə artıq bilmirlər. Çünki vicdanı olan heç kəs Azərbaycan dövlətinin uğurlarını, hökümətin şəhid və qazilərə etdiyi diqqət haqqında belə fikirlər səsləndirməz. Ermənipərəst qüvvələrə xidmət edən bu antimilli qüvvələr bir dəfə də qeyd etmək istəmir ki, Ukraynaya bütün dünya dəstək verir. Azərbaycanın yaxın dostu Ukraynaya bu gün də Avropa ölkələri, eləcə də beynəlxalq təşkilatlar maddi, mənəvi, siyasi, hərbi, maliyyə dəstəyi ardıcıl olaraq davam edir. Ən əsası Əli Kərimli anlamır ki, Ukraynaya son bir ayda qərb dövlətləri tərəfindən milyardlarla maddi vəsait ayrılıb”.

Millət vəkili qeyd edib ki, Rusiya ilə Azərbaycanı müqayisə etmək ya savadsızlıqdan, ya düşmənçilikdən, ya da ara qarışdırmaçılıqdan irəli gəlir: “Azərbaycan bir milyon qaçqın və köçkününün problemini təkbaşına həll etdi. Bu gün işğaldan azad olunmuş torpaqlarda da quruculuq işlərində Avropa və ya beynəlxalq təşkilatlar susqun və fəaliyyətsizdir. 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistandan başqa heç kəs səsini çıxarmadı. Sözsüz ki, qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi Azərbaycan xalqı var olduqca, qiyamətədək unudulmayacaq”.

M. İbrahimqızı bildirib ki, ölkəmizdə qısa müddət ərzində şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, eləcə də sosial problemlərinin həlli ilə bağlı çox böyük işlər görüldü və bu iş davam edir: “Qazi və şəhid ailələrinə göstərilən maddi yardımının azlığından gileylənən Əli Kərimli, ya savadsızlığı ucbatından, ya da qərəzli mövqeyindən dolayı Azərbaycan hökumətinin qazi və şəhid ailələrinə göstərdiyi sosial yardımları və mənzil təminatlarını bilərəkdən gizləyir. Azərbaycan dövlətinin bu yardımları Ukraynada olduğu kimi, bir aydan bəri deyil, 30 ildən bəri mütəmadi şəkildə etdiyini isə məmnuniyyətlə unudur. Ağır yaralı əsgərlərin müalicəsinə gəldikdə isə, Azərbaycan Respublikasının Vətən müharibəsi zamanı ağır yaralanmış qazilərin xüsusilə Türkiyədə, eləcə də Almaniyada, İsraildə sıra müalicəsinin təşkil edilməsi haqqında gördüyü işləri görməmək mümkün deyil. Əlbəttə, biz hər zaman bu müqəddəs qəhrəmam oğullarımıza borcluyuq. Dövlətimiz ildən ilə onlara diqqətini daha da artıracaq. Ermənipərəst qüvvələrin köləsi olan bu qüvvələr əvvəlcə çox çalışdılar ki, Azərbaycanın Orta Doğu kimi xarabazara çevrilməsinə çalışdılar…”

Deputat bildirib ki, Əli Kərimlinin Ukrayna-Rusiya müharibəsi başlayandan bugünədək yazdıqları statuslarda yenə də ölkəmizdəki bu inkişafı və vətəndaş həmrəyliyini, əmin-amanlığı pozmaq üçün dəridən-qabıqdan çıxmaq istəyi və niyyəti aydın görünür: “Bu qüvvələrin intellekti hələ də dövlət idarəçiliyini, xarici siyasəti, diplomatiyası küçə səviyyəsindədir. Tarixin naftalin qoxusu verən bu qüvvələr hələ də dünyada baş verə qlobal geosiyasi prosesləri anlamırlar. Bəlkə də anlamaq istəmirlər. Əslində onlar çox gözəl dərk edirlər ki, müdrik Azərbaycan xalqı 1993-cü ildən öz yolunu və seçimini esib və bu yola da sadiqdir. Azərbaycan xalqı, onun Müzəffər Milli Ordusu, 44 günlük Vətən müharibəsi vaxtı bir daha öz sədaqətini, birliyini və həmrəyliyini möhtərəm Prezidentimiz İlham Əliyev ətrafında sıx birləşməsində, ona arxa dayaq olmasında, hər kəsin onun əmrinə müntəzir olmasında sübut edərək, dünyaya bəyan etmişdilər. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanı özündən 4 dəfə böyük olan Ukrayna və dünyanın ən böyük ölkəsi olan Rusiya ilə bu cürə müqayisə etmək bir daha Əli Kərimlinin və onun kimi düşünənlərin savadsızlığının və ya xain mövqeyinin aydın nümunəsidir. Bunu ən yaxşı bilən məhz Əli Kərimlidir. Azərbaycan isə 30 ildə etdiyi yardımları məhz öz gücü ilə edib. Unutqan və qərəzli insanların əslində siyasətdə heç bir işi olmamalıdır. Və Azərbaycan xalqı Əli Kərimliyə hər seçkidə bunu əməli olaraq göstərir. Çox təəssüf ki, onda və onun trol düşərgəsində reallıq hissi olmadığından hələ də özləri üçün nəticə çıxara bilmirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR