Yeni il bayramına sayılı günlər qaldı.
Azərbaycanda bayramla bağlı bir həftə qeyri-iş günü olacaq. Yeni il bayramında kimisi ölkə xaricinə gedir, kimisi də evdə ailəsi ilə birlikdə vaxt keçirir.
Bəs deputatlar Yeni ili harada keçirəcək?
Bakıvaxtı.az deputatlar arasında keçirdiyi sorğunu təqdim edir:
Sabir Rüstəmxanlı bayramla bağlı xüsusi proqramının olmadığını bildirib: “Evdə, ailəmlə bir yerdə olacağam. İmkan düşsə, 2 günlüyə Yardımlıya qaçaram...”.

Arzu Nağıyev də bayramda ailəsi ilə birlikdə olacaq: “Yəqin ki, ailəmlə bir yerdə evdə, Bakıda, Tovuzda, Gedəbəydə olaram. Başqa yerə getmək fikrim yoxdur”.

Ceyhun Məmmədov bu cür bayramları evdə keçirməyə üstünlik verdiyini deyib: “Hər il olduğu kimi, bu il də Yeni ili ailəmlə birlikdə evdə keçirməyi düşünürəm. Bu, artıq ənənə halını alıb. Ailəm, valideynlərim və bacılarımla birlikdə keçirməyi planlaşdırıram. Hər zaman Yeni ili Azərbaycanda keçirməyə üstünlük verirəm. Hesab edirəm ki, bu cür bayramlar ailəlikcə evdə birlikdə keçirilməlidir”.

Elman Nəsirov tətilini iki hissəyə böləcəyini dedi: “Qarşıdan 2024-cü il gəlir. Belə bir fikir var ki, yeni ili necə qarşılasan, bütün ilin o cür keçəcək. Bu baxımdan, tətili iki hissəyə bölmək istəyirəm. Bir neçə gün Cəlilabadda valideynlərimlə birlikdə keçirəcəyəm, qalan hissəsini isə Astarada istirahət mərkəzində keçirməyi düşünürəm. Qarşıda işlərimiz çoxdur”.

Tahir Kərimli bayramı Bakıda qeyd edəcək: Bayramı qeyd etdikdən sonra İsmayıllıya gedəcəyik. Ordan da Ağsu və ya Şamaxıda olacağıq. Başqa planımız yoxdur, ailəvi keçirəcəyik.

Qeyd edək ki, Fəzail Ağamalı yeni ili Bakıda, Tural Gəncəliyev Azərbaycanda, Zahid Oruc isə evdə doğmaları ilə qeyd edəcəyini söyləyib.
Aytac Aslan









jpg-1705652441.webp)






