• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Dilimlədim nar kimi... - Qarpız seçərkən nəyə diqqət etməli? - REPORTAJ

REPORTAJ

01 Iyul 2024 | 11:15

Dilimlədim nar kimi... - Qarpız seçərkən nəyə diqqət etməli? - REPORTAJ

 Yayın əvəzolunmaz qidalarından biri də şübhəsiz ki, qarpızdır. Amma həm də yayda digər qidalara nisbətən qarpızdan zəhərlənmə halları daha çox olur.

Mayın sonundan bazarlarda, marketlərdə piştaxtaları bəzəyən qarpız seçərkən nəyə diqqət edək? Yaxşı qarpızı necə tanıyaq?  

Bakıvaxtı.az-ın əməkdaşı reportajında bu suallara da aydınlıq gətirməyə çalışıb.

... Sumqayıt bazarı. Girişdə qarpız adama “gəl-gəl” deyir. Kəsilmiş qarpızın qırmızılığı uzaqdan adamın diqqətin cəlb edir.

 - Qarpız neçəyədir, dayı?

- Kilosu 70 qəpik, qızım. Hər yerdə olduğu kimi.. Təmiz Sabirabad qarpızıdır. Bu səhər gəlib.

Almaq istəsəm də nənəmin illərlə formalaşdırdığı “qarpız adətən avqustda daha dadlı olur” fikrini xatırlayıram:

- Dayı, bəs deyirlər qarpız avqustda yeyilməlidir. İndikilər dərmanı olur…

- Boş söhbətdi, ay qızım. İllərdi iyun ayından başlayaraq qarpız satıram. Hələ satdığım qarpızdan zəhərlənən və ya şikayət edən olmayıb. Açığı bilmirəm başqalarında necədi, amma mənim satdığım qarpızların dərmanlı olması mümkün deyil.

Söhbətin bu yerində bir alıcı gəldi:

- Neçəyədir?

- Kilosu 70 qəpik.

- Nə bahadır?

- Yaxşı mal baha olur da..

Alıcı satıcıdan ən yaxşı qarpızı seçməyini xahiş edir. Satıcı qarpızları seçərkən mən də həmin alıcıqla söhbətləşdim:

- 70 qəpiyə qarpız bahadır?

-Əlbəttə, qızım. Bir azdan kilosunu 20 qəpikdən yalvaracaqlar. Hələ təzədir. Özü də indi mövsümü deyil axı…

Bunu demişdi ki, satıcı bir qarpız gətirdi. Bıçağı toxundurmağıqla qarpız partladı. Alıcı qarpızın dadına baxıb aldı.


 

Onun ardınca bir qadın da yaxınlaşdı. Satıcı “kliyenti” qaçırmamaq üçün tez yanına getdi. Qiymətini deyəndən sonra, onu almaq üçün razı salmağa çalışdı:

- Bal kimi qarpızdı.

- Alaram, birdən yaxşı çıxmaz.

- Kəsib verirəm. Apar, pis olsa, gətir pulunun 3 qatını verəcəm.

- Kəsib neynirəm. Allah bilir bir də nə vaxt yolum burdan keçəcək.

- Sən apar. Nə vaxt olur olsun pis olsa gətir mən qaytaracam pulunu.

Deyəsən, satıcının bu üsulu işə yaramışdı ki, alıcı razılaşaraq balaca bir qarpız alıb bizdən uzaqlaşdı.

Ya mənim ayağım yüngül olmuşdu, ya da insanların könlünə qarpız düşmüşdü. Daha bir alıcı…

3 dənə qarpız alan bu müştəri gələn digər alıcıya da “Yaxşı qarpızdır, uduzmazsan” deyib, satıcının 1 qarpız daha satmasına şərait yaratdı.

Mən isə bu qədər alıcının qarpız almasına baxmayaraq, risk edə bilmədim. Nənəmin “Qarpız avqustda olar” fikri mənə mane oldu.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məlumatında isə bildirilir ki, əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir.

“Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır”.

AQTA qeyd edib ki, kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət edilməli və hətta qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir.

“Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir”.

Qarpız alarkən diqqət edilməli olan məqamlarsa bunlardır:

“Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə olan qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval olan qarpızlar sulu, yumru olanlar isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur. Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Iyul 2024