Vəfat edən şəxsin pensiya kapitalının bir hissəsi onun vərəsəsinə ödənilə bilər.
Bakıvaxtı.az xatırladır ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı artıq təkliflər verilib. Belə ki, vəfat edən şəxsin pensiya kapitalının 30 faizinin vərəsəsinə verilməsi ilə bağlı müzakirələr gedir.
Mraqlıdır ki, vəfat edən şəxsin pensiya kapitalı vərəsəsinə ödənilsə, bu qərar ailələrin sosial rifahını gücləndirə bilərmi?
Sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov Bakıvaxtı.az-a açıqlamasında bu sualı cavablandırıb.
Sabiq nazir bildirib ki, əslində hər bir şəxsin hesabında toplanmış pensiya kapitalı onun şəxsi mülkiyyətidir. Bu məntiq isə deyir ki, vətəndaş dünyasını dəyişdikdən sonra onun pensiya hesabında qalan vəsait də vətəndaşın digər əmlakları kimi varislərinə çatmalıdır:
“Lakin çox təəssüf ki, bizdə hələ bu sahədə hər hansı bir dəyişiklik baş vermir. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur”.
Müsahibimiz vurğulayıb ki, biz Sovetlər dönəmindən qalmış qaydaları dəyişməliyik. Dediyinə görə, vətəndaşların pensiya kapitalının yığılması üçün alternativ seçim variantları olmalıdır.

Fikrət Yusifov: Vətəndaş dünyasını dəyişdikdən sonra onun pensiya kapitalı varislərinə çatmalıdır
“Təbii ki, bunun üçün özəl pensiya fondlarının yaradılması olduqca vacib şərtdir. Yəni, vətəndaş bu fondların hər birinin edəcəyi təklifləri saf-çürük edərək ən münasib fondla müqavilə bağlamaq imkanı qazanacaq. Vətəndaş dünyasını dəyişdikdən sonra onun pensiya kapitalı hesabında qalan vəsaitinin vətəndaşın varisinə ödənilməsi nəticəsində dövlətin hər hansı bir maliyyə çətinlikləri ilə üzləşməsi kimi fikirlər isə tam yanlışdır", - deyə müsahibimiz əlavə edib.
F.Yusifov qeyd edib ki, dövlət öz vətəndaşının qayğısını çəkməyə borcludur:
"Dünyasını dəyişmiş vətəndaşın dövlət pensiya fondunun hesabında qalan vəsaitinin digər təqaüdlərin və müavinətlərin ödəniş vasitəsi kimi çıxış etməsi təcrübəsinin zamanı artıq keçib. Biz bu sahədə də dünyanın getdiyi mütərəqqi yollarla getməliyik".
Gülşən Şərif
Bakı 



