Böyük Britaniyanın İcmalar Palatasında Qarabağ mövzusu ilə bağlı keçirilən dinləmələr son günlər siyasi və diplomatik müzakirələrə səbəb olub.
Müzakirələrdə Azərbaycan ərazisində guya erməni mədəni irsinin məhv edilməsi iddialarının səsləndirilməsi və separatçı dairələrin nümayəndələrinin dəvət olunması Bakıda narazılıq doğurub. Azərbaycan tərəfi xüsusilə “Dağlıq Qarabağ” terminindən istifadə edilməsini hüquqi və siyasi baxımdan yanlış hesab edir və bunu ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş yanaşma kimi qiymətləndirir. Bu hadisə bir daha göstərdi ki, beynəlxalq siyasi platformalarda terminologiya və təqdimat forması belə ciddi siyasi mesaj daşıya bilər.
Bu cür dinləmələrin mahiyyəti isə yalnız bir parlament tədbiri ilə məhdudlaşmır. Qərb ölkələrində parlament müstəqil hakimiyyət qolu olduğuna görə ayrı-ayrı deputatların təşəbbüsü ilə müxtəlif mövzular üzrə müzakirələr keçirilə bilər və bu, hökumətin rəsmi mövqeyi kimi qəbul edilmir.
Lakin praktika göstərir ki, belə tədbirlər çox vaxt müəyyən siyasi və ya lobbi qruplarının uzunmüddətli fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Xüsusilə regionlarla bağlı mübahisəli məsələlərdə müxtəlif maraq qrupları parlament platformasından istifadə edərək öz narrativlərini beynəlxalq gündəmə çıxarmağa çalışırlar. Bu baxımdan, sözügedən dinləmələrin də müəyyən siyasi kampaniyanın elementi kimi qiymətləndirilməsi təsadüfi deyil.
Digər tərəfdən, Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan strateji və iqtisadi əməkdaşlıq belə hadisələrin ümumi münasibətlərə ciddi təsir göstərməsini çətinləşdirir. London uzun illərdir Azərbaycanda böyük investisiya layihələrində iştirak edir və enerji sahəsində tərəfdaşlıq iki ölkə münasibətlərinin əsas sütunlarından biri hesab olunur. Bundan əlavə, nəqliyyat və regional təhlükəsizlik məsələlərində də qarşılıqlı maraqlar mövcuddur. Bu səbəbdən, ayrı-ayrı deputatların təşəbbüsü ilə keçirilən müzakirələrin dövlətlərarası münasibətlərin ümumi xəttini dəyişdirəcək səviyyəyə çatması real görünmür.
Bununla belə, bu hadisələr diplomatik mühitdə müəyyən həssaslıq yarada bilər. Çünki parlament tribunasının separatçı mövqelərin səsləndirilməsi üçün istifadə olunması qarşı tərəfdə siyasi etimadın zədələnməsi kimi qəbul edilə bilər.
Eyni zamanda bu cür müzakirələr informasiya müstəvisində yeni siyasi narrativlərin formalaşdırılmasına xidmət edir və regionla bağlı mübahisələrin beynəlxalq platformalarda davam etməsinə şərait yaradır. Buna görə də Azərbaycan üçün əsas məsələ yalnız rəsmi diplomatiya çərçivəsində deyil, parlamentlərarası əlaqələr və beynəlxalq ictimaiyyətlə kommunikasiya vasitəsilə mövqelərini daha aktiv şəkildə izah etməkdən ibarət olacaq.
Züriyə Qarayeva
Bakı 




