Avropa İttifaqı daxilində Şərqi və Qərbi Avropa ölkələri arasında davam edən iqtisadi fərqliliklər təkcə maliyyə və inkişaf göstəricilərində deyil, həm də siyasi qərarvermə proseslərində təsirini göstərir. Xüsusilə sərt büdcə qaydaları və mərkəz–periferiya münasibətlərindəki tarazlıq problemləri ittifaqın daxili həmrəyliyini sarsıda bilər.
Belə bir şəraitdə Avropa İttifaqının real inteqrasiyasını gücləndirmək üçün institusional islahatlar, maliyyə mexanizmlərinin yenidən tənzimlənməsi və vahid iqtisadi siyasətlərin tətbiqi kimi addımlar mühüm rol oynaya bilər.
İttifaq daxilində iqtisadi və siyasi bərabərsizlikləri azaltmaq üçün hansı islahatlar ən effektiv ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli deyib ki, hazırda Avropa Birliyi daxilində müəyyən neqativ proseslərin başladığı müşahidə olunur:
"Hətta ehtimal etmək olar ki, bu proseslər yaxın gələcəkdə Aİ-də mərkəzdənqaçma meyllərinə stimul verə bilər, çünki qurum daxilində qruplaşmalar formalaşmaqdadır. Qərbi Avropa ölkələri əsasən Rusiyaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsini müdafiə edirlər".
Onun sözlərinə görə, Mərkəzi Avropa ölkələri isə Rusiya ilə iqtisadi və enerji əlaqələrinin qorunmasının vacibliyini vurğulayırlar. Şərqi Avropa ölkələri, xüsusilə Macaristan, Rusiya ilə münasibətlərin ən qısa zamanda bərpasını tərəfdar çıxış edirlər:
"Bütün bu fərqliliklər təbii ki, Avropa Birliyinin daxilindəki proseslərə birbaşa təsir göstərir. Kəskin ziddiyyətlərin mövcudluğu artıq inkar olunmaz reallıqdır. Əgər bu gedişat davam edərsə, AB daxilində parçalanma prosesi real və neqativ nəticələrə yol aça bilər".

Elçin Xalidbəyli: Avropada ciddi iqtisadi və maliyyə böhranı təhlükəsi mövcuddur
Həmsöhbətimiz vurğulayıb ki, bu proseslər Avropa İttifaqının maliyyə-iqtisadi siyasətinə də ciddi təsir göstərir. Xüsusilə Ukrayna savaşına və Ukraynaya hərbi yardım üçün ayrılan maliyyələrə qarşı müqavimət artmaqdadır:
"Macarıstan və bir neçə Şərqi Avropa ölkəsi Aİ-nin Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyini bloklamaq və ya veto qoymaq qərarı veriblər. Hazırda bu veto Ukraynaya dəstəyin əngəllənməsi kimi görünür".
Elçin Xalidbəyli vurğulayıb ki, Rusiyaya qarşı 20-ci sanksiya paketinin razılaşdırılması baş tutmayıb və proses yarımçıq qalıb:
"Avropada ciddi iqtisadi və maliyyə böhranı təhlükəsi mövcuddur. Buna görə də dövlətlər hazırda ilk növbədə öz maraqlarını ön plana çəkir və mövcud çətinliklərdən çıxmaq üçün daha pragmatik və realist addımlar atmağa çalışırlar".
Əli Hüseynov
Bakı 




