Valideynlər düşünürlər ki, dolu çəkili uşağa çörək vermək onu sağlam saxlayacaq, amma bu doğru deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, artıq çəkili uşaqlara çox çörək vermək onların sağlam olduğunu göstərmir və əksinə, piylənmə ilə bağlı uzunmüddətli risklər yarada bilər:
“Araşdırmalar göstərir ki, piylənmə immun sistemini, allergik reaksiyaları və xərçəng xəstəliyi riskini artırır. Bu səbəbdən uşaqların çəkisini izləmək və qida porsiyalarını düzgün tənzimləmək vacibdir”, - deyə mütəxəssis bildirib.
Azad Əkbərzadə vurğulayıb ki, uşaqların seçim etdiyi fast food və yüksək şəkərli qidalar onların dad mərkəzini stimullaşdırır və asılılıq yarada bilər.
“Ev yeməklərində isə tam taxıllı çörək, kəpəkli makaron və karbohidratlar qana yavaş daxil olmalıdır ki, insulin sürətli dəyişməsin və uşağın aclıq hissi balanslı olsun”, - deyə o əlavə edib.
Mütəxəssis həmçinin uşaqlar üçün porsiya ölçülərinə diqqət edilməsinin vacibliyini qeyd edib:
“5 yaşa qədər uşaqların yeməyi ümumi boşqabın dördə biri qədər, 5-10 yaş arası hər 3-də 1-i qədər, 12-14 yaş arası isə 4-də 3-ü qədər olmalıdır. Yağ və zülal miqdarı da nisbətdə tənzimlənməlidir”.
Zeynəb Rzayeva
Bakı 




