Sosial şəbəkələrdə saxta avtomobil nömrələri hazırlayan və bunu kifayət qədər geniş əhatə dairəsi üçün reklam edən səhifələr var. Belə ki, həmin səhifələr müştərinin istəyinə uyğun olaraq istənilən ölkəyə aid saxta, yapışdırıla bilən metal nömrələr hazırlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu nömrələrdən sadəcə suvener, aksesuar kimi istifadə edənlər də var. Ancaq nəzərə alsaq ki, həmin nömrələr hər hansı cinayətdən qaçmaq üçün də istifadə edilə bilər, hazırlanması nə dərəcədə düzgündür və qanunla necə tənzimlənir?
Mövzuyla bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu cür saxta nömrə hazırlayan və sırf bu məqsədlə satış həyata keçirən şəxslərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində iş aparmalı və əməli tədbirlər görülməlidir. Onun sözlərinə görə, çünki belə nömrələrin hazırlanması bir çox sürücülərin bu hallardan sui-istifadə etməsinə şərait yaradır:
“Bəzi hallarda saxta nömrələrdən istifadə edən və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlana bilmir. Eyni zamanda, saxta nömrə ilə piyada vurub qaçan, yaxud cinayət törədənlər də ola bilər".
Hüquqşünas qeyd edib ki, təcrübədə bu cür sürücülərə 4 bal və 60 manat cərimə tətbiq edilir. Saxta nömrə isə əlindən alınaraq ona xəbərdarlıq olunur: "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, SAXTA və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat məbləğində cərimə edilir".
T.Abdullazadənin sözlərinə görə, qeydiyyat nişanı yazılmayan lipa (saxta) avtomobil nömrələri yaşayış yerindən, kafe, restoranlardan suvenir və dekor kimi asılmaq üçün və ya bu məqsədlə hazırlanıb satılırsa, belə halda hər hansı məsuliyyətdən söhbət gedə bilməz: "Məsuliyyət yalnız avtomobilin real qeydiyyat nömrəsinin üzərinə saxta nömrə yapışdırılaraq idarə edildiyi zaman yaranır".
Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı fakt qeydə alınmayıb.
Aytac Aslan