"Son günlər baş verənlər Rusiya imperiya siyasətinin növbəti bariz nümunəsidir. Rus rəssamına aid heykəlin Azərbaycan torpağında, Xankəndidə nə işi var idi?!"
Bunu politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, 2020-ci ildə ildırım sürəti ilə işğalçı ordu sifəti ilə Qarabağa yerləşmiş rus ordusu özü ilə bərabər bir sıra hərbçilərin, mədəniyyət xadimlərinin büstlərini də gətirmişdilər:
"Xocalıda özləri üçün kiçik şəhərcik salmışdılar. Hətta o zaman bu məsələ Azərbaycan cəmiyyətini ciddi narahat edən məqamlardan idi. Çünki həmin "məskunlaşma" rusların "biz getmək üçün gəlməmişik" mesajı idi. Özlərinə qəhrəman saydıqları şəxslərin büstlərini də o məqsədlə torpaqlarımıza yerləşdirirdilər”.
Onun sözlərinə görə, maraqlıdır ki, ruslar Qarabağı tərk edərkən bütün büstləri özləri ilə aparsalar da, erməni əsilli rus rəssamın heykəli "unudulub". Müsahibimiz qeyd edib ki, bu torpağımızda əlavə yük olduğuna görə, dövlətimiz onu sökməyi lazım bilib:
“Axı heykəl Azərbaycan dövlətinin qərarı, razılığı ilə qoyulmayıb. Rus ordusu Qarabağda separatçı ünsürləri mühafizə edərkən, silahlandırarkən özbaşına bu cür əməllərə imza atıb. Məsələ ondadır ki, həmin heykəlin sökülməsi barədə xüsusi qərar da lazım deyil. Dövlətin icazəsi olmadan qoyulan büst bir inşaatçı tərəfindən də götürülüb atıla bilər".
Natiq Miri: Ruslar Qarabağı tərk edərkən erməni əsilli rus rəssamın heykəlini aparmağı "unudublar"
N.Miri qeyd edib ki, ümumiyyətlə, bu məsələ Azərbaycan üçün maraqlı deyil:
"Heykəli orada "unudanlar" ermənilərin orada qalacağını, Rusiyanın da təsir imkanlarını saxlayacağını zənn edirdilər. Ancaq 2023-cü il anti-terror əməliyyatı ilə bütün çirkin planların üzərindən xətt çəkildi. Rusiya dövləti bunu həzm edə bilmir. Əks təqdirdə bir rəssamın qanunsuz büstünün götürülməsi niyə Moskvanı bu qədər ağrıtsın ki?".
Aydın Baxış