"Türkiyənin "Dron Koalisiyası"na qoşulması ciddi təsir imkanı yarada bilər".
Bu sözləri Ukraynaya dron dəstəyinin artırılmasının mümkün təsirlərini şərh edən politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukraynanın dron sənayesinin inkişafı müharibə nöqteyi-nəzərindən yeni canlanmaya səbəb olacaq:
""Dron Koalisiyası"nın məqsədi əksər ölkələrin bir araya gələrək, dron sahəsində birgə əməkdaşlığının həyata keçirilməsini təmin etməkdir. Bu, Kiyevin dron sənayesini inkişaf etdirmək və Rusiya-Ukrayna müharibəsində Kiyevin əlinin gücləndirilməsinə xidmət edir. Koalisiyaya rəhbərliyi Böyük Britaniya edir. Deməli, burada Böyük Britaniyanın Ukrayna ilə imzaladığı təhlükəsizlik müqaviləsi ön plana çıxır. Bu məsələdə ABŞ-nin arxa plandakı fəaliyyəti də görünür”.
Müsahibimiz hesab edir ki, Ukraynaya dron sənayesinin inkişaf etdirilməsi ilə bağlı dəstəyin verilməsi müharibənin gedişatına təsir edə bilər:
“Məsələn, Türkiyənin dron sənayesi yüksək səviyyədə inkişaf edib. Xüsusən də "Bayraktar TB2", "Bayraktar TB3" və "Anka" dronları artıq öz sözünü müharibə meydanında verib. Ona görə də Türkiyənin "Dron Koalisiyası"na qoşulması ciddi təsir imkanı yarada bilər. Nəticədə müharibənin yönü dəyişə bilər".
Samir Hümbətov: Artıq daha yüksək səviyyəli danışıqlara ehtiyac var
S.Hümbətovun fikrincə, bu vaxta kimi Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya rəhbərlik səviyyəsində olmasa da, danışıq masasına gəlirdi. Lakin indi vəziyyət bir az dəyişib. Artıq daha yüksək səviyyəli danışıqlara ehtiyac var. Lakin Rusiya tərəfi bu danışıqlardan imtina edir.
"Bu kontekstdə görünən odur ki, Qərb Türkiyəni öz yanında olmağa vadar edir. Əks halda məsələnin həlli real görünmür. Reallıq budur ki, hazırda Rusiya Ukraynaya məxsus əraziləri işğal edib. Bu baxımdan Ukraynaya dəstək verilməsi müharibənin formatını dəyişə bilər", - deyə Samir Hümbətov qeyd edib.
Gülşən Şərif