• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Dünyanın humanitar xəritəsində Azərbaycanın yeri - RƏY 

SİYASƏT

19 Avqust 2026 | 16:13

Dünyanın humanitar xəritəsində Azərbaycanın yeri - RƏY 

19 avqust - Dünya Humanitar Yardım Günüdür. Dünya Humanitar Yardım Günü səkkiz il əvvəl - 2003-cü il avqustun 19-da İraqda BMT qərargahının bombalanması nəticəsində yardım işçilərinin həlak olması ilə bağlı təsis edilmişdi. Bu günün yaradılmasında əsas məqsəd insan həyatını xilas etmək üçün çalışanları xatırlamaq və bu nəcib məqsəd uğrunda canlarından keçən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir.

Qeyd etmək lazımdır ki, ölkəmizin də müstəqilliyini bərpa etdiyi ilk illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünü üzləşdiyi problemlərdən xilas etmək üçün humanitar yardımlara ehtiyac yaranmışdı. Bu gün isə Azərbaycan özü humanitar yardımlar edən ölkəyə çevrilib. Son illər Pakistan, Yaponiya, Somali və başqa ölkələrə humanitar yardımlar göstərən Azərbaycanın atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən böyük ehtiram və minnətdarlıqla qarşılanır. Ölkəmizin və xalqımızın belə addımları həmrəyliyin gözəl nümunəsi kimi qiymətləndirilir.

Siyasi şərhçi Abutalıb Səmədov bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, Azərbaycan xüsusən münaqişə zonalarında yerləşən dövlətlərə, pandemiya dövründə ehtiyacı olan ölkələrə ciddi yardımlar göstərib: 

“Bu sırada iki ölkəni xüsusən vurğulamalıyıq. Rusiya-Ukrayna müharibəsində heç kim, xüsusən keçmiş postsovet dövlətlərindən heç biri Ukraynaya humanitar yardım göstərməyə cəsarət etmir, Moskvanın qəzəbindən çəkinir. Ukraynaya bu ölkələr arasında ən çox humanitar yardım edən ölkə məhz Azərbaycandır. Hətta bu gün Rusiya ilə hesablaşmayan ölkələrdən belə daha çox yardımlar edirik. Rusiya Ukraynanın energetika sistemini sıradan çıxararaq dost ölkəni yaşanmaz hala gətirmək istəyəndə bu planların qarşısında cəsarətlə durmuşuq. Azərbaycan Ukraynaya xeyli generatorlar göndərib. Rusiya buna etirazını bildirmiş, maneçilik törətmək üçün əlindən gələni etmişdi. Bütün etirazlara baxmayaraq, Azərbaycan bu xətti davam etdirir. Bu da kifayət qədər cəsarət və müstəqillik tələb edir”. 

Abutalıb Səmədov, siyasi şərhçi

Analitik qeyd edib ki, eyni məsələni ABŞ və İsraillə müharibə aparan İran haqqında da söyləmək olar: 

“İranda müəyyən şəxslərin, rəsmi adamların Azərbaycan haqqında böhtanlar söyləməsinə baxmayaraq, Azərbaycan ehtiyac yarananda İrana humanitar yardım göstərdi. Bu yanaşma İran rəhbərliyini ciddi düşünməyə vadar etməlidir. Ümumiyyətlə, Azərbaycanın humanitar yardımları geniş coğrafiyanı əhatə edir. Bu da bizim hər zaman köməyimizə çatıb. BMT-də aparılan müzakirələr zamanı qurumunTəhlükəsizlik Şurasının daimi üzvü olmayan dövlətlər Azərbaycana hər zaman dəstək veriblər. Eyni zamanda digər beynəlxalq qurumlarda səsvermələr zamanı da Azərbaycan dəstək görüb".

Analitik hesab edir ki, bütün bunların hamısı Azərbaycanın yürütdüyü düzgün və uzaqgörən siyasətin nəticələridir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR