Ötən gün ATV telekanalında yayımlanan “Rəngarəng” proqramında ucuz şou göstərilib. Zaur Nəbioğlunun aparıcılığını etdiyi verilişin qonağı müğənni Ofeliya Şabanova olub.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayım zamanı aparıcı ona həyat yoldaşının guya başqa bir qadınla görüntüsünü təqdim edib. İfaçı emosional gərginlik nümayiş etdirərək studiyanı tərk edib.
Sözügedən hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox izləyici verilişdə şəxsi həyata müdaxilə olunduğunu bildirib, aparıcının bu addımını tənqid edib. Digərləri isə məsələnin sadəcə “tamaşa” olduğunu dilə gətirib.
Məsələ ilə bağlı Audiovizual Şuradan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Monitorinq şöbəsi tərəfindən araşdırma aparılıb və qanun pozuntusuna rast gəlinməyib: “Şou xarakterli proqramlarda elə hallar olur ki, cəmiyyətdə birmənalı qarşılanmır. Amma Audiovizual Şura yayım zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir və qanun pozuntusu olmadığı halda prosesə müdaxilə yolverilməzdir”.
Maraqlıdır ki, O. Şabanova bu gün yenə də sözügedən verilişə qatılaraq dünənki reaksiyalarına görə peşman olduğunu bildirib. O, ərini də studiyaya gətirərək qarşısında baş əyib, ondan üzr istəyib. Bütün bunlar müğənni ilə həyat yoldaşı arasında baş vermiş “hadisə”nin sadəcə reytinq xatirinə hazırlanmış şou olduğunu deməyə əsas verir.