Körfəzin ərəb ölkələrində COVID-19-a yoluxanların sayı kəskin şəkildə artıb. Bu ölkələrin vaksinasiya göstəriciləri qənaətbəxş olsa da, yeni növ koronavirusa yoluxma hallarının artım tempinin qarşısını almaq mümkün olmur.
Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi son sutka ərzində 3045 nəfərin COVID-19-a yoluxduğunu bildirib. Məlumatda qeyd edilib ki, hazırda koronavirusdan müalicə olunan pasiyentlərin 109-nun vəziyyəti ağırdır və ötən sutkada onlardan 3-ü vəfat edib. Krallıqda ümumi yoluxma halları 565 min 442-yə, ölənlərin sayı isə 8 min 886-ya çatıb.
Digər Körfəz ölkəsi - Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son sutkada COVID-19-a 2708 nəfər yoluxub və ümumi yoluxma halları 774 min 897-yə çatıb. BƏƏ-də ötən sutkada koronavirusdan ölüm faktı qeydə alınmayıb. Dubay və Əbu-Dabi Əmirliklərində əhalinin üçüncü doza vaksinasiyası həyata keçirilir.
Ərəb ölkələri arasında əhalinin sayına nisbətdə ən çox yoluxma İordaniyada qeydə alınıb. Belə ki, son sutka ərzində bu ölkədə COVID-19-a 2296 nəfər yoluxub. Əhali sayına görə ən böyük olan Misirdə isə yoluxma halları nisbətən az olsa da (769 nəfər), vəfat edən pasiyentlərin sayı region üzrə ən yüksəkdir. Belə ki, bu ölkədə son sutka ərzində COVID-19-dan 19 nəfər həyatını itirib.
Küveytdə də yoluxma halları kəskin şəkildə artıb. Bu ölkədə son sutka ərzində 1482 yoluxma faktı aşkarlanıb, ölüm halı qeydə alınmayıb.















