"Separatçı qurum Qarabağ ərazisində məskunlaşmış soydaşlarının həyatlarını təhlükə altına atacaq addımlardan çəkinməlidir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, separatçılar Azərbaycanın bu mübarizədə qalib gəldiyini qəbul etməli, irəli sürdüyümüz şərtlərlə və reallıqlarla barışmalıdırlar: "Hamı kimi separatçılar da gözəl başa düşürlər ki, hər şey uduzulub və bundan sonrakı fəaliyyət mənasızdır. Qarabağın erməni əhalisi öz gələcəklərinə biganə deyillərsə, Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər".
Müsahibimizə görə, anlamalıdırlar ki, yalnız bu yolla Qarabağ ərazisində öz yaşamlarını Azərbaycan vətəndaşı kimi rahat və təhlükəsiz sürdürə bilərlər. Əks halda onların Qarabağ ərazisində qalmaları mümkün olmayacaq.
Ekspert vurğulayıb ki, Azərbaycan dövlətinin Qarabağda yaşayan ermənilərə yüksək təhlükəsizlik qarantiyası və normal yaşayış şəraiti təşkil edəcəyi heç bir ermənidə şübhə doğurmamalıdır. A.Qasımov qeyd edib ki. əksinə hərəkət edənlər Qarabağ üzünə birdəfəlik həsrət qalacaqlar.
“Bu durumda Qarabağın normal təfəkkürlü erməni əhalisi separatçıları Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verməlidirlər. Bununla bağlı Azərbaycan dövlətinə kütləvi şəkildə müraciət edilməsi kifayətdir. İlk növbədə müraciətdə adı keçən ermənilərin vətəndaşlıq məsələsinə baxılacağı mütləqdir".
Aydın Baxış
















