• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ermənistan danışıqlardan niyə qaçır? - Paşinyan deyə bilməz ki…

GÜNDƏM

12 Oktyabr 2023 | 13:03 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan danışıqlardan niyə qaçır? - Paşinyan deyə bilməz ki…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında Ermənistan tərəfi ilə görüşlərdən danışıb. Dövlət başçısı deyib ki, Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir.

"Oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Bişkekdə görüşü baş tutmalıdır. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz və müttəfiqimizdir, həmçinin, Ermənistanın müttəfiqidir. Bu ölkə minlərlə kilometr məsafədə yerləşən ölkələrdən fərqli olaraq, bizim regionda yerləşir. Təbii ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi, təbii olaraq, Rusiya tərəfinin vasitəçiliyini şərtləndirir. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz rus və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, Ermənistan tərəfi bu görüşdən imtina etdi. İndi isə sual yaranır: Ermənistan sülh istəyirmi? Düşünürəm ki, xeyr. Əgər o, sülh istəsə idi, bu imkandan imtina etməzdi", - deyə Azərbaycan prezidenti qeyd edib.

İlham Əliyev bildirib ki, Ermənistan hökuməti sözdə və kağız üzərində Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə hər şeyi tam əksinə edir.

Politoloq Abutalıb Səmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sülh danışıqlarının harada, kimin vasitəçiliyi ilə aparılması barədə qərarı Ermənistan rəhbərliyi vermir.

Ekspertin sözlərinə görə, bu barədə tapşırıq ona xaricdən ötürülür və orada mövqe birmənalıdır: "Sülh sazişi barədə danışıqlar Brüsseldə, yaxud Vaşinqtonda keçirilə bilər. Bu səbəbdən Nikol Paşinyan Azərbaycan Prezidentinin Tiflisdə görüşmək təklifinə hələ heç bir reaksiya verməyib. Eyni zamanda, Bişkek görüşündə iştirakdan imtina etməyin kökündə də bu dayanır. Paşinyana hər iki şəhərlə bağlı icazə verilməyib. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti açıq şəkildə dedi ki, Ermənistan sülh istəmir. Əgər istəsə, Tiflisdə və Bişkekdə görüşüb danışıqlar aparmaq imkanını əldən verməməlidir. Üstəlik, bunun üçün ciddi əsas da göstərmir. Ona görə cənab Prezident dedi ki, bunun bir izahı olmalıdır. Necə ki, Azərbaycan Qranada görüşündə iştirak etmədi və bunu kifayət qədər aydın əsaslandırdı. Ermənistanla sülh sazişi barədə danışıqlar açıq ermənipərəst mövqe tutan Fransanın iştirakı ilə aparıla bilməz. Azərbaycan Prezidenti Brüsseldə keçiriləcək görüşə razılıq verdi. Yəni bizim mövqeyimiz aydındır”.

Politoliqa görə, yalnız o dövlətlər vasitəçi ola bilərlər ki, onlar ədalətli olsunlar, bitərəf olsunlar və beynəlxalq hüquqa hörmətlə yanaşsınlar: “Bu, bizim mövqeyimizdir. Paşinyan nədən Tiflisdə danışıqlar aparmaq istəmir? Gürcüstanın, yaxud Qırğızıstanın günahı nədir? Cavab yoxdur. Çünki səbəbini deyə bilməz. Deyə bilməz ki, ona icazə verilmir. Məsələnin mahiyyəti budur".

Həmsöhbətimiz vurğulayıb ki, ABŞ başda olmaqla Qərb dövlətləri də ötən ilin aprelindən uğurla başlanan sülh danışıqlarını öz ədalətsiz davranışları ilə dalana çıxardılar: "Bu vəziyyətdən çıxmağın yeganə yolu təbii ki, Gürcüstan variantından faydalanmaqdır. Ancaq Qərb bu yola nə özü gedir, nə də Ermənistanın getməsinə icazə verir. Anlamaq istəmir ki, bu gün Qərblə Rusiyanın münasibətləri elədir ki, onun hansı birinin vasitəçiliyi ilə sülh sazişinin imzalanması digər tərəfi ciddi təxribatlar törətmək məcburiyyətində qoyacaq. Rusiya Qərbin vasitəçiliyini qəbul etməyəcək və imzalanmış sülh sazişinə mane olmaq üçün əlindən gələni edəcək. Qərb Rusiyada imzalanan sülh sazişini qəbul etməyəcək və o da əlindən gələni edəcək ki, müəyyən problemlər yaratsın”.

Onun fikrincə, bu vəziyyətdə, təbii ki, ən uğurlu variant digər şəhərlərdə danışıqların keçirilməsidir və Bişkek görüşü çox mühüm ola bilərdi. Brüsseldə də növbəti görüş gözlənilir. Bu arada Tiflisdə də xarici işlər nazirləri görüşə bilərdilər: “Bunları Azərbaycan istəyir və təklif edir. Ancaq Ermənistanın heç bir reaksiyası yoxdur. Bundan əvvəl də Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü dördlü formatı qəbul etdiyi barədə heç bir bəyanat vermədi. "Variantlar çoxdur" deyib birmənalı cavabdan yayındı”.

A.Səmədov hesab edir ki, bütün bunlar Ermənistanın həqiqətən də sülhü istəmədiyini göstərir: “Yaxud qərar vermək üçün Ermənistan hakimiyyətinin iradəsi yoxdur və müəyyən qüvvələrdən tam asılı vəziyyətdədir. Çox təəssüf ki, bu amil sülh prosesini ciddi şəkildə ləngidir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026