Şəhərsalmada əsas məqsəd insanlara rahat və funksional yaşayış mühiti yaratmaqdır. Şəhərin müxtəlif hissələrində yaşayış kompleksləri salınmalı, həmin ərazilərdə insanların gündəlik ehtiyaclarını qarşılayan bütün imkanlar təmin edilməlidir. Yaşayış məntəqələrində mağazalar, idman zalları, sağlamlıq mərkəzləri, internet və digər xidmətlər əlçatan olmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Davamlı İnkişaf Cəmiyyəti” İctimai Birliyinin sədri Fikrət CəfərovAzərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda keçirdiyi tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözıərinə görə, hazırda Azərbaycanın, xüsusilə də Bakının əsas problemlərindən biri yol-nəqliyyat infrastrukturudur. F.Cəfərov bildirib ki, şəhərin mərkəzi hissəsi həddindən artıq yüklənib və demək olar ki, bir çox istiqamətə hərəkət üçün mərkəzdən keçmək zərurəti yaranır. Bu isə davamlı tıxaclara səbəb olur:
“İstər şimal istiqamətindən, istərsə də şərq tərəfdən şəhərə daxil olarkən eyni problem yaşanır - nəqliyyat sıxlığı və uzunmüddətli tıxaclar.
Məsələn, Abşeronda, xüsusilə Xırdalan ərazisində iri yaşayış massivləri salınıb. İnsanlar yaşayır, binalar müasirdir və yaşayış şəraiti qənaətbəxşdir. Lakin səhər saat 07:00-dan 09:00-a, axşam isə 17:00-dan 21:00-a qədər Xırdalandan keçmək demək olar ki, mümkünsüz olur. İnsanlar evə çatmaq üçün ən azı bir saat yarım, bəzən isə iki saat vaxt itirirlər”.
Fikrət Cəfərov vurğulayıb ki, həmin vaxt insanlar işdən çıxaraq rahat şəkildə evlərinə gedib dincəlməlidirlər. Əvəzində isə uzunmüddətli tıxaclar insanlarda yorğunluq və əsəb gərginliyi yaradır:
“Beton yol istiqamətində də vəziyyət oxşardır. Orada üzbəüz yerləşən iri yaşayış kompleksləri - ‘Mayak’ yaşayış kompleksi və sosial yaşayış binaları tikilib. Minlərlə insan həmin ərazidə yaşayır. Səhər və axşam saatlarında isə bu yoldan keçmək ciddi problemə çevrilir. Şəhərə çatana qədər bir neçə nöqtədə tıxac yaranır.
Əgər bir yaşayış massivində 10 min nəfər yaşayırsa, onların ən azı 3-4 mini hər gün işə gedib-gəlir. Bu isə mövcud yol infrastrukturu üçün əlavə yük deməkdir”.
Dediyinə görə, problem yalnız Abşeron və Xırdalanla məhdudlaşmır. Gələcəkdə Sumqayıt və digər ətraf ərazilərdə də oxşar vəziyyət yarana bilər:
"Buna görə də şəhərsalmada ən vacib məsələlərdən biri yol və nəqliyyat infrastrukturunun düzgün planlaşdırılması hesab olunur".
Zeynəb Rzayeva
Bakı 




