• Bakı 18° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Fikrət Məmmədov Türkiyənin ədliyyə nazirinin müavini ilə görüşdü - FOTOLAR

SİYASƏT

18 Sentyabr 2023 | 23:31

Fikrət Məmmədov Türkiyənin ədliyyə nazirinin müavini ilə görüşdü - FOTOLAR

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə nazirinin müavini Həsən Yılmaz ilə sentyabrın 18-də ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin bu il 100 illiyini geniş qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf etdiyini bildirən nazir Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən əlaqələrimizin Şuşa Bəyannaməsi imzalanmaqla müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb, Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqının mənəvi və siyasi dəstəyini qeyd edib.

Bildirib ki, xalqlarımız daim bir-birinin yanındadır və bu ilin fevralında Kahramanmaraş vilayətində baş vermiş zəlzələnin yaşatdığı acı günlərdə də Azərbaycan dövləti və xalqı ilk andan qardaş ölkənin yanında olaraq hər cür dəstək göstərib.

Qədim köklərə malik xalqlarımız arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən H.Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan dövlət başçılarının şəxsi qardaşlıq münasibətləri əməkdaşlığımızın inkişafına güclü təkan verir. Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu deyən nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfər münasibətilə təbrikini ifadə edib, səfər zamanı Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərindən heyran qaldığını bildirib, ölkələrimizin bir-biri ilə daim həmrəy olduğunu, o cümlədən terrorçuluqla mübarizədə Azərbaycanın Türkiyəyə dəstəyini qeyd edib.

Görüşdə müttəfiqlik münasibətlərində hüquqi əlaqələrin xüsusi yer tutduğu, Ulu Öndərin Türkiyəyə tarixi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Protokolun qarşılıqlı fəaliyyətin genişlənməsinə təkan verdiyi, nümayəndə heyətlərinin müntəzəm səfərlərinin əhəmiyyəti vurğulanıb.

Məhkəmə-hüquq və ədliyyə, o cümlədən penitensiar sistemdə müasir çağırışlara uyğun aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparılaraq bu sahədə birgə tədbirlərin və təcrübə mübadiləsinin faydası qeyd edilib, əlaqələrin genişləndirilməsinə maraq göstərilib.

Qonaq Azərbaycanda özünü doğma Vətənindəki kimi hiss etdiyini bildirərək yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, hazırkı səfərin hüquqi sahədə əlaqələrimizin inkişafına xidmət etdiyini vurğulayıb.

Tədbirdə iki ölkənin ədliyyə orqanlarının hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyəti qeyd olunaraq əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrə toxunularaq bu sahədə birgə tədbirlərin, eləcə də Ədliyyə Akademiyalarının təlim şəbəkəsinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsinə əlavə təkan verdiyi bildirilib, nazir F.Məmmədov türk həmkarı Yılmaz Tunça salamlarını çatdırıb.

Söhbət zamanı həmçinin azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, torpaqlarımızın büsbütün, hətta müharibədən sonra Ermənistan tərəfindən minalanmasının bu prosesə ciddi əngəl törətdiyi qeyd olunub, bununla bağlı qonağa xüsusi broşür təqdim edilib.

Qonaqlar nazirlikdə ədliyyə tarixinə, Vətən müharibəsində Böyük Qələbəmizə və azad edilmiş torpaqlarımızda sürətlə aparılan bərpa-quruculuq işlərinə həsr olunan Zəfər muzeyləri ilə tanış olublar.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfir Cahit Bağçı iştirak edib. 


SON XƏBƏRLƏR