Sumayıt şəhəri H.Z.Tağyev qəsəbəsində yerləşdirilən günəş panellərinin naqilləri yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə yayılan videoda sözügedən ərazidə yerləşən günəş panellərinin təyinatı üzrə istifadə olunmadığı qeyd olunub.
Məsələ ilə bağlı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi açıqlama verib.
Açıqlamada qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2020-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) yaradılıb, bir sıra energetika obyektləri - Qobustan HES, Suraxanı GES, Samux GES, Pirallahı GES, Sahil GES, Sumqayıt GES və bir neçə sosial obyektlərdə kiçik güclü enerji qurğuları əvvəllər fəaliyyət göstərmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən təhvil alınıb: “Təhvil alınandan etibarən ilk növbədə qeyd olunan stansiyalarda texniki müayinə və təhlil işləri aparılıb, onların layihə gücünə çatdırılaraq normal fəaliyyətinin təmin olunması üçün tələb olunan işlər müəyyənləşdirilib.
Bir sıra stansiyalarda daxili imkanlar hesabına təmir işləri həyata keçirilib. Eyni zamanda, stansiyaların layihə gücünə uyğun istismar edilməsi, onların səmərəliliyinin artırılması məqsədi ilə hal-hazırda dövlət-özəl tərəfdaşlığı və ya digər biznes modellər əsasında özəl investisiyaların cəlbi Agentliyin əsas fəaliyyət istiqamətlərindən hesab olunur. Hazırda ən səmərəli biznes modelin tətbiqi üzrə özəl sektorla müvafiq müzakirələr aparılmaqdadır.
Hazırda müxtəlif bərpa olunan enerji stansiyaları Agentliyin tabeliyindəki "Azalternativenerji" MMC tərəfindən istismar olunur və əldə olunan elektrik enerjisi şəbəkəyə ötürülür”.
Ramid İbrahimov
















