Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası dekabrın ilk 3 günü üçün kosmik hava proqnozunu açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, ötən üç sutka ərzində bir çox C sinif (Yerə təsir edə bilməyən) alışmalar baş versə də, Günəş aktivliyi aşağı səviyyədə olub. M (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və X (güclü) sinif alışmaların baş verməsi ehtimalı aşağıdır. Planetlərarası maqnit sahəsi və Günəş küləyinin sürəti norma daxilindədir.
Dekabrın 1-də səhər saatlarında maqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalı 5-6 intervalında olacaq, günortadan etibarən 3-4 intervalına qədər azalacaq. Hazırda geomaqnit sahə G1 səviyyəli geomaqnit qasırğası səviyyəsindədir. Yüksək en dairələrində isə G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur.
Dekabrın 2-də gecə saatlarında Kp əmsalı 4-5 olacaq, sonra isə azalaraq 2-3 intervalında dəyişəcək. Dekabrın 3-də isə geomaqnit sahənin sakit olacağı proqnozlaşdırılır.
Maqnit qasırğasının bu gün başlamasına baxmayaraq, dünən axşamdan özünü pis hiss edən insanlar olub. Meteohəssas insanları bu üç gündə nə gözləyir, necə qorunsunlar?
Daxili Xəstəliklər Uzmanı Dr.Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, günəşin səthində hər zaman mürəkkəb fiziki hadisə baş verir: “Günəşin özünün maqnit sahəsi mövcuddur. Mürəkkəb fiziki hadisələr zamanı ətrafa külli miqdarda maqnit qasırğası yayılır. Bu, müxtəlif vasitələrlə Yerin maqnit sahəsinə də təsir edir. Yerin maqnit sahəsinə təsir etdiyi zaman üzərində yaşayan canlılara da təsir etmiş olur”.
Onun sözlərinə görə, maqnit qasırğası qanda hərəkət edən ionların yer dəyişməsinə, damarların daralmasına, orqanizmdə müəyyən hadisələrin yaranmasına səbəb olur. Bu da, xüsusilə xroniki xəstəliyi olan insanlarda hiss olunur.

Həbib Sahratov: Maqnit qasırğası zamanı xroniki xəstələr daha çox şikayətlənir, narahat olur
Həkim qeyd edib ki, məsələn, təzyiqi olan insanların təzyiqi qalxır, miqren xəstəliyi olan insanlarda baş ağrıları daha da intensivləşir. Daha çox baş ağrısı və gicəllənməsi müşahidə olunur.
“Maqnit qasırğası zamanı xroniki xəstələr daha çox şikayətlənir, narahat olur. Məsləhət görülür ki, meteohəssas insanlar belə dönəmlərdə evdən çölə çıxmasınlar, dərmanlardan daha məsuliyyətli istifadə etsinlər. Bu şəkildə maqnit qasırğasından qorunmaq olar", - deyə Həbib Sahratov vurğulayıb.
Aytac Aslan
















