Fələstinin “HƏMAS” hərəkatı ağır ərzaq böhranı fonunda talan və humanitar yardımların oğurlanması hallarının artdığı Qəzza zolağında təhlükəsizlik vəziyyətinə nəzarəti itirib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, oğrular və cinayətkar qruplar humanitar yardım daşıyan yük maşınlarını ələ keçirməyə, evləri qarət etməyə və Fələstin anklavının əhalisini qorxutmağa başlayıblar.
Bu baxımdan “HƏMAS” xaos və talanların öhdəsindən gəlmək üçün nüfuzlu ailələrin liderlərindən dəstək almağa çalışır, lakin vəziyyət düzəlmir.
Bununla belə, “HƏMAS”ın nəzarətində olan bütün nazirliklər, qurumlar iflic vəziyyətindədir və Qəzza zolağı hökumətinin təhlükəsizlik sistemi məmurların və hərəkat üzvlərinin qətlləri səbəbindən əsasən fəaliyyət göstərmir.
Qeyd olunub ki, bunun fonunda ekstremist qruplar anklavda fəallaşıb, öz sıralarına yeni üzvlər cəlb ediblər.
Bundan əlavə, “HƏMAS” üzvlərinə maaş verməkdə çətinlik çəkir. Ödənişlər olmadığı üçün “HƏMAS”ın nəzarətində olan qurumların bir çox işçisi işlərini dəyişməyə və ya humanitar yardım hesabına yaşamağa başlayıb.