• Bakı 16° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Həqiqi sülh, yoxsa Ukraynanı təslimiyyəti? - TƏHLİL

SİYASƏT

24 Noyabr 2025 | 10:33

Həqiqi sülh, yoxsa Ukraynanı təslimiyyəti? - TƏHLİL

Bir neçə gündür bütün dünya mediası Ukraynadakı müharibəni, Rusiyanın bu ölkədəki işğalı dayandırmaq məqsədi daşıyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sülh planından danışır.

Kimilərinə görə yaxşı hazırlanmış, kimilərinə görə tərəfli, kimisi üçün həqiqi sülhə çatmaq üçün ideal təklif, kimisi üçün isə Ukraynanın təslimiyyəti kimi dəəyrləndirilən bu plana Rusiya hakimiyyətinin mülayim, Qərbin isə təlaşlı yanaşması ağıllardakı sualları daha da artırdı. Hətta Qərb Trampın planına alternativ olaraq qısa zamanda öz planını da hazırladı.

Qərbin hazırladığı plan bir çox məsələdə Trampın təklifləri ilə eynilik təşkil etsə də, prinsipial məsələlərdə ziddiyyətlərin olduğunu görürük. Bu isə Ukraynadakı işğalın dayandırılmasının mümkün olub-olmayacağı, olacaqsa, hansı planın qəbul olunacağı sualını yenidən gündəmə gətirib. Ən çox cavabı axtarılan sual isə belədir: Hansı planın qəbul olunmasından asılı olmayaraq, bu, Ukraynanın təslimiyyəti olacaq, yoxsa həqiqi sülhə çatmaq mümkündür?

Açığı Tramp və Qərbin hazırladığı planlar onu deməyə əsas verir ki, problemin açarı nə Rusiya, nə də Ukraynadadır. Təklif hansı mərkəzdə hazırlanırsa, hətta diqtə edilirsə, deməli gözlər o mərkəzə dikilməlidir. Necə ki, indi hamımız ABŞ və Qərbdən səslənəcək son versiyanı gözləyirik.

O ki qaldı Ukrayna və Rusiyanın yanaşmalarına, hər iki tərəf anlayır ki, indik vəziyyətdə maksimalist davranmaq və bu maksimalist hədəflərə çatmaq sadəcə müharibənin qalibi olmaqla mümkündür. Bu da qeyri-mümkündür. Ona görə ki, Rusiya nüvə dövlətidir və Ukraynanın qalib gəlməsi üçün xarici dəstəyin əsas olduğu reallıqda kimsə Rusiya kimi yırtıcını özünə düşmən etmək istəmir. Heç Ukrayna tərəfi özü də əməliyyatları birmənalı olaraq Rusiya ərazisinə keçirə bilmir. Ya o qədər gücü yoxdur, ya da “ehtiyyat igidib yaraşığıdır” deyir...

Rusiya isə başa düşür ki, artıq təkcə Ukrayna ilə deyil, kollektiv Qərblə döyüşür, onlar isə Ukraynanın tam işğalına icazə verməyəcəklər. Rusiya bu məqsədə sadəcə hərbi potensialını tam (yaxud əhəmiyyətli dərəcədə) xərcləməklə, hətta lazım gəlsə nüvə silahından istifadə etməklə çata bilər ki, bu da arzuolunmaz nəticələr verəcək. Çünki Rusiyanın xarici siyasəti sadəcə Ukraynadan ibarət deyil.

Ona görə də bu iki ölkə sahədəki mövqelərinə görə onlara uyğun bildikləri şərtlərlə təklif ediləcək planlardan biri ilə razılaşacaqlar. Elə isə hansı plan?

Hazırda sahədə üstünlük Rusiyanın xeyrinədir. Rusiya ordusu az da olsa, durmadan irəliləyir, yeni ərazilər işğal edir və daxildə hərbi istehsalı artırmaqla gücünü yenidən toplayır. Ukrayna isə getdikcə daha çox borclanır və xarici yardımdan daha asılı hala gəlir. Belə olan halda, əlbəttə ki, Rusiya Ukraynaya nəzərən diqtə etməkdə özündə güc tapacaq. Ona görə də Rusiyanın Qərbin planını qəbul edəcəyini gözləmək mümkün deyil. Çünki Trampın təkliflərindən fərqli olaraq Qərb çalışır ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi bloklanmasın, onun ordusuna məhdudiyyətlər tətbq edilməsin və ərazi məsələləri tərəflərin hazırda olduqları təmas xətti çərçivəsində həll edilsin. Bu əsas prinsipial məsələlərdə isə, Tramp Rusiyanın üstünlüyünü tanıyan yanaşma ortaya qoyur. Ukrayna ordusunun sayı maksimum 600 min nəfərlə sərhədlənir, NATO-ya üzvlük birdəfəlik bloklanır, Krım, Donetsk və Luqansk de-fakto Rusiyanın tərkibində qalır, Xerson və Zaporojye vilayətlərində cəbhə xətti “dondurulmuş” vəziyyətdə qalmaqla, Rusiya beş bölgədən kənarda işğal etdiyi ərazilərdən imtina edir. Donetskin bir hissəsi neytral, demilitarizasiya olunmuş zona kimi tanınır. Əlbəttə, bu şərtlər belə Rusiyanın müharibədən əvvəl irəli sürdüyü maksimalist iddialara cavab vermir, amma dediyimiz kimi, Rusiya artıq maksimalist olmağın mənasızlığını anlamış kimi görünür, cəbhə xəttindəki üstünlüyünü maksimum dəyərləndirməyə çalışır. Həm də anlayır ki, Kremlin maksimalist siyasəti Trampın uğursuzluğu deməkdir ki, bu da ABŞ-də MAGA-çıların mövqeyini zəiflədə, yenidən Bayden siyasətinin davamına yol açacaq siyasətçilərin başa keçməsinə səbəb ola bilər.

Bəs yaxşı, Qərb Ukraynanı bu plana qarşı meydanda tək qoyacaqmı?

Açığı bu sualın cavabı sadəcə üç ölkədən - Almaniya, Britaniya və Fransadan asılıdır. Əsas da Almaniyadan. Çünki Fransa qlobal siyasətdəki çəkisini itirib. Yüngül bir lider obrazı ilə dövlətin qlobal siyasətə təsir imkanları azalıb. İqtisadi, hərbi cəhətdən də bu ölkə ABŞ, Rusiya və Çin kimi ölkələrdən geri qalır.

Britaniya isə hərbi baxımdan geri olsa da, siyasi-iqtisadi təsir imkanları ilə bacardığı qədər Ukraynanın yanındadır.

Geriyə Almaniya qalır. Əgər almanlar yenidən bütün sahələrdə əvvəlki ruhlarını - radikal-militarist dövlət ruhunu qısa zamanda geri qaytarar və Avropanın təhlükəsizliyini hərbi və iqtisadi baxımdan öz əlinə alarsa, o halda Avropanın Ukrayna məsələsində geridönüş imkanları da artar. Hər halda sözümüz onda deyil.

Məğzdən uzaqlaşmayaq. Trampın yəklif etdiyi plan, əslində, Bayden dönəmindəki ABŞ dövlətinin Ukraynaya verdiyi vədlərin yalan olduğunun göstəricisi, o vədlərə nəzərən Ukraynanın təslimiyyətidir. Ancaq indiki reallıqda (Tramp bu savaşın onlarınkı olmadığını iddia edir – müəllif.) ən pis plan belə, Ukrayna üçün sülhə aparan yoldur. Çünki Trampın radikal qərarları Ukraynanı faktiki olaraq zəiflətdi və onun Rusiya kimi işğalçıya qarşı mübarizə imkanlarını azaltdı. Nəticədə hər gün yeni ərailər itirilir. Daxildə qorxu və panika artır, ruh düşkünlüyü yüksəlir və bu, daha fəlakətli nəticələr verə bilər. Ukrayna ancaq Qərbin dəstəyinə əmin ola bilər ki, indiki məqamda bu, həlledici deyil. Ona görə də, indi Ukrayna iki seçimdən birini etməlidir: ya Trampın daha ağır məğlubiyyətdən qaçmaq üçün diqtə etdiyi sülh planına razı olmalıdır, ya da daxildə qüvvələri daha ciddi hazırlamaq, ruh yüksəkliyini təmin edərək, Qərbdən gələn dəstəyin artırılmasına nail olmaqla müharibəni Tramp gedənə qədər uduzmamaq. Bu isə, açıq qumardır. Bəlkə Trampdan sonrakı prezident də Ukrayna məsələsinə onun kimi yanaşacaq?!

Hər halda, Ukrayna Qərbin, Rusiya isə ABŞ-nin təkliflərinin qəbul edilməsində təkid edəcək. Bu qarışıqlıq iki planın da qəbul edilməməsinə, Qərbin Ukraynanı daha böyük xaosa atmasına səbəb ola bilər. Onsuz da, İstanbul danışıqlarını Baydenə arxalanmaqla korlayan Qərb Ukraynanın bugünkü ağır durumunun memarıdır. İndi onlar Avropanın gələcəyini xilas etmək üçün Ukraynanı daha ciddi sınaqla üz-üzə qoymağı düşünəcəklər.

Bu zaman isə, son söz Ukrayna xalqının olacaq. Ya da möcüzə baş verəcək və Rusiya Qərbin təklif etdiyi sülh planına razı olacaq...

Həşim Səhrablı


SON XƏBƏRLƏR

23 Noyabr 2025