Müasir Azərbaycan ədəbiyyatında postmüharibə dövrü təkcə yeni məzmun və mövzuların meydana çıxması ilə deyil, həm də gənc yazıçı nəslinin formalaşan baxışları, dəyişən söz-estetikası ilə seçilir.
2020-ci ilin müharibə reallığı təkcə siyasi xəritəni yox, insanın daxili aləmini, mənəvi sərhədlərini, yaddaşını da yenidən cızdı. Bu dəyişikliklər ədəbiyyata öz möhürünü vurdu. Yazı masasına oturan gənc müəlliflər üçün indi əsas sual “necə yazmaq”dan çox, “nə üçün yazmaq”dır; çünki postmüharibə narrativi faktlardan savayı, insanın parçalanmış duyğularını, qayıdış və itki triadasını, yenidən qurulan mənlik hissini əks etdirməyi tələb edir.
Bu günün ədəbi mühitində yeni nəsil yazıçılar bəzən quru qəhrəmanlıq mifini sındırır, bəzən də qəhrəmanın ən adi nəfəsinə, onun gecə ağrılarına, səssiz travmalarına işıq tutur. Bu da ədəbi estetikaların dəyişməsinə, ənənəvi yanaşmalarla modern poetik formaların kəsişməsinə, təcrübə və üslubların yeni kombinasiyalar yaratmasına gətirib çıxarır.
Elə buna görə də postmüharibə Azərbaycan ədəbiyyatı bu gün həm gerçəkliyin bədii yaddaşını yazır, həm də gələcək nəsillərə sual qoyur: müharibədən sonrakı həyatın ədəbiyyatı necə olmalıdır?
Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən yazıçı Şərif Ağayar hesab edir ki, hazırda ədəbi mühitə mane olan əsas amillərdən biri qələbənin yaratdığı pafosdur. Onun sözlərinə görə, həm bu pafos, həm də uzun illərin məğlubiyyət kompleksinin təsiri hələ də üstünlüyünü saxlayır, cəmiyyətin, o cümlədən, yazıçıların ciddi düşüncələrə köklənməsini ləngidir:
“Qələbə böyük sevincdir, onu həm dərk, həm də həzm etmək üçün zamana ehtiyac var. Məsələn, mən hələ də Qarabağdan ekstremist qüvvələrin tamamilə çıxarılmasına inana bilmirəm. Gedib Xankəndidə dalğalanan bayrağımızı öz gözlərimlə görmüşəm, amma hələ də elə bil yuxudayam”.

Şərif Ağayar: Qalib xalqın yazıçıları kimi ədəbiyyata daha dərindən baxmalıyıq
Onun fikrincə, postmüharibə dövründə az-çox hekayə və şeir yazılsa da, ümumi ədəbi mühit hələ lazım olan ritmə tam uyğunlaşmayıb.
“Qələbənin təsiri təkcə müharibə mövzulu yazılarda deyil, digər mətnlərdə də hiss olunacaq. Çünki qalib ölkənin yazarı tamam fərqlidir”.
Müsahibimiz vurğulayıb ki, məğlubiyyət dövrü mümkün olmayan bəzi mənfi obrazların yaradılması, ironiya və istehzanın sərbəst tətbiqi bundan sonra daha asandır. Bu qələbənin yazıçıya verdiyi azadlıqdır.
Həmsöhbətimiz Tolstoy misalına istinad edərək qeyd edib ki, əgər dahi yazıçısı məğlub və müstəmləkə ölkəsinin vətəndaşı olsaydı, "Hərb və sülh"ü o cür yarada bilməzdi.
“Biz də qalib xalqın yazıçıları kimi ədəbiyyata daha dərindən baxmalıyıq”, – deyə Şərif Ağayar fikrini yekunlaşdırıb.
Əli Hüseynov
Bakı 



