Dünyada hər yeddi gəncdən biri psixi sağlamlıq problemləri ilə üzləşir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus sosial media hesabında bildirib.
O, psixi sağlamlıq problemlərə dair paylaşımında 15-29 yaş qrupunda intiharın üçüncü ən çox rast gəlinən ölüm səbəbi olduğunu vurğulayıb. Baş direktor ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hazırladığı yeni təlimatın hər bir ölkədə psixi sağlamlıq xidmətlərinə çıxışı artırmaq və uşaqların, eləcə də gənclərin keyfiyyətli qayğı ilə təmin olunmasını gücləndirmək üçün əhəmiyyətli töhfə verə biləcəyini qeyd edib. O, təlimatın praktiki dəyişikliklər üçün stimul yaradacağına inandığını vurğulayıb.
Psixi sağlamlıq problemlərinin gənclər arasında daha çox olması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixiatr Ceyhun Cəfərov bildirib ki, psixi problemlər hər yaşda - istər uşaqlıq, istər yeniyetməlik, istərsə də yetkinlik dövründə olur. Lakin yeniyetməlik dövrü bir az həssas bir dövrdür. Belə ki, yeniyetmələr şəxsiyyətin xüsusiyyəti cəhətdən həssas, alınqan, ətraf-mühitin təsirinə tez düşən olurlar:
“Bu dövrdə yeniyetmələrdə riskli davranışlar, asılılıqlar, depresiv hallar müşahidə olunur”.
Ceyhun Cəfərov: Yeniyetmələrdə riskli davranışlar, asılılıqlar, depresiv hallar müşahidə olunur
Onun sözlərinə görə, ümumi olaraq psixi problemlərin artması cəmiyyətdə, ailədə baş verən hadisələrdən qaynaqlanır:
“Valideynlərin arasındakı münasibətlər, ailə birliyinin olmaması, ata-ananın iş rejimindən dolayı yetəri qədər övladları ilə maraqlana bilməməsi, maddi problemlər, dərs yükünün çox olması kimi amillər də öz rolunu oynayır”.
Müsahibimiz qeyd edib ki, texnologiyanın inkşafı, insanların bu inkşafa həddindən çox maraq göstərməyi, sosial şəbəkələrin təsiri də danılmaz amillərdən biridir.
Nuriyyə Musayeva