"Bu gün səhər "İdrak" liseyində baş vermiş olay barədə yazılan və danışılanların xeyli hissəsi dezinformasiyadır. O cümlədən guya insidentdən sonra məktəbdə tədris prosesinin dayanması barədə məlumatlar da yalandır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında "İdrak" liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov söyləyib.
"Məktəbimizdə tədris prosesi davam edir. Hər şey qaydasındadır. Baş verənlərlə bağlı müvafiq tədbirlər görülür. İnsidentdə adı hallanan müəllimənin vəziyyəti normaldır. Narahatlığa əsas yoxdur", - professor bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıdakı "İdrak" liseyində şagird müəlliməni güllələyib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Güllə yarası alan 28 yaşlı müəllimə Şəhla Kamilova xəstəxanaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Bakı 




