2025-ci ilin fevral ayında 45 yaşlı xəstə sinəsində ağrı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Torakal Cərrahiyyə şöbəsinə müraciət edib. Aparılan müayinələr zamanı sağ döş qəfəsi boşluğunun böyük hissəsini dolduran, ətraf orqanlarla yaxın təmasda olan və ölçüsü təxminən 18 sm olan nəhəng ağciyər törəməsi aşkar edilib.
Bakıvaxtı.az bu barədə Klinik Tibbi Mərkəzindən məlumat əldə edib.
Belə ki, xəstəyə sağ ağciyərin orta və aşağı pay lobektomiyası ilə birlikdə diafraqma rezeksiyası və rekonstruksiyası icra olunub. Törəmə invaziv şəkildə en bloc çıxarılıb. Əməliyyat Torakal Cərrahiyyə şöbəsinin müdiri, uzman torakal cərrah Fəhmin Əmirov, uzman torakal cərrah Çinarə Kərimli və komanda üzvləri tərəfindən uğurla həyata keçirilib.
Patologiya nəticəsində çıxarılmış törəmənin ağciyərdə son dərəcə nadir rast gəlinən Solitar Fibroz Tümor olduğu təsdiqlənib. Xəstə əməliyyatdan 8 gün sonra heç bir ağırlaşma olmadan evə buraxılıb. Altı aylıq kontrol müayinəsində isə onkoloji xəstəliyin lokal olaraq kontrol altında olduğu müəyyən edilib.
Qeyd edək ki, ətraf orqanlara invaziya etmiş belə nəhəng törəmələrdə onkolojik prinsiplərə uyğun icra olunan radikal və genişləndirilmiş rezeksiyalar xəstələr üçün həyat xilasedici ola bilər.