ABŞ alimləri yeni epidemiya riski barədə xəbərdarlıq edib. Bu dəfə qrip virusunun H3N2 ştamının dominant olduğu bildirilir.
Bu virus hələ ötən ildən ABŞ, Hindistan, Sinqaput, İsveç, eləcə də Rusiyada dövr edir. Honkonq qripinin yayılmış variantı indi dominant qriplə eyni genetik qrupdandır. Ona görə digər qriplərdən xüsusi təhlükəsi ilə seçilmir.
İnfeksionist Mərdan Əliyevin Bakıvaxtı.az-a dediyinə görə, Honkonq qripi, təbii ki, Azərbaycana da gələ bilər. O, bunun bir az ağır keçən qrip olduğunu bildirib.
Həkimin sözlərinə görə, bu qrip daha əvvəl, təxminən, 1960-cı illərdə pandemiya səviyyəsində olub: “İndi isə gəlməsi ehtimalının o qədər çox olduğunu düşünmürəm. Çünki həm yaya doğru gedirik, həm də insanlar arasında fərdi qorunma şəkli formalaşıb. Yəni özümüzü qoruya bilirik”.
M.Əliyev qeyd edib ki, mart ayından sonra bu qripin gəlmə ehtimalı heç olmayacaq: “İki ay ərzində də gələcəyini düşünmürəm”.
Aytac Aslan
















