2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 60,84 ton qarpız idxal olunub.
Bakıvaxtı.az Valyuta.az-a istinadən xəbər verir ki, ölkəyə gətirilən bu məhsulun dəyəri 43,01 min ABŞ dolları təşkil edib.
Statistik mənbəyə görə, idxal əsasən 3 ölkədən – Braziliya, Çin və İran İslam Respublikasından olub.
İlkin olaraq, 3,54 ton qarpız Braziliyadan idxal olunub. Bu ölkədən gətirilən məhsulun dəyəri 4,7 min ABŞ dolları olub. Hesablamalara görə, Braziliyadan alınan qarpızın 1 kiloqramı 1,32 ABŞ dolları və ya 2,25 manat təşkil edib.
Ən az – 3 ton qarpız isə Çindən idxal olunub. Bunun üçün 3 min ABŞ dolları xərc çəkilib. Çindən gətirlən 1 kiloqram qarpızın dəyəri 1 ABŞ dolları və ya 1,7 manat olaraq hesablanıb.
Hesabat ayı ərzində Azərbaycana ən çox qarpız idxal edən ölkə İran İslam Respublikası olub. Bu ölkədən 35,32 min ABŞ dolları dəyərində 54,3 ton qarpız idxal olunub. İran Azərbaycana qarpızın 1 kilosunu 0,65 dollara və ya 1,10 manata satıb.