İyulun 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5344,1 min nəfər olub, onlardan 5062,3 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1769,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 873 min nəfər, qeyri-dövlət sektorunda isə 896,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1738,1 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesi, 6,6 faizi tikinti, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi mədənçıxarma sənayesi, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,0 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 2,0 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
2025-ci ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,5 saat təşkil edib.
2025-ci il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,1 min nəfər olub, onların 49,2 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436,0 manat olub.