• Bakı C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

İran rejimi Suriyada öz mövqelərini itirib: Tehran da fərqindədir ki...

DÜNYA

28 Dekabr 2024 | 09:31

İran rejimi Suriyada öz mövqelərini itirib: Tehran da fərqindədir ki...

“İran rejimi Suriyada birmənalı məğlubiyyətə uğrayıb və öz mövqelərini itiriblər”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Əhəd Məmmədli İranın xarici işlər naziri Abbas Əraqçinin “Suriyadakı hadisələrlə bağlı nəticə çıxarmaq hələ tezdir, vəziyyət dəyişə bilər” fikrini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, artıq Suriyada keçici hökumət formalaşıb, kadrlar təyinat alıb və müəyyən işlər görülüb:

"İndiki məqamda İran rəsmilərinin "hələ heç nə bitməyib, hər şey dəyişə bilər" açıqlaması boş və mənasızdır. Ümumiyyətlə, Tehran rejimi son 2-3 ildə o qədər boş-boş danışır ki, artıq İran rəsmilərinin açıqlamalarına ciddi reaksiya verilmir”.

Müsahibimizə görə, İran özü də fərqindədir ki, Yaxın Şərqdə dayaqları ciddi laxladı və bölgədə təsir gücünü itirdi. Dini rəhbər Seyid Əli Xameneinin də suriyalı gənclərə çağırışı mənasız və məntiqsizdir. Suriyada hansı müqavimət davam edir?! 13 ildir Suriyada vətəndaş müharibəsi gedir, ölkə, şəhərlər xarabazarlığa çevrilib, milyonlarla insan evindən, yurdundan didərgin düşüb. Bəs deyilmi bu qədər acı, zülm? İranın dini lideri daha çoxmu qan istəyir?"

Əhəd Məmmədli: Colani də iranlı gənclərə müraciət etsə ki, rejimə qarşı ayaqlansınlar, onda necə olacaq?

Analitik vurğulayıb ki, rəsmi Tehran bəyan edir ki, heç kim onların daxili işlərinə qarışmasın, amma özləri kənar ölkələrin daxilində gedən proseslərə müdaxilə edirlər:

" Heyət Təhrir əş-Şam (HTŞ) lideri Məhəmməd Colani də iranlı gənclərə müraciət etsə ki, rejimə, zülmə qarşı ayaqlansınlar, onda necə olacaq? ABŞ və Qərbin bəzi ölkələri özlərini necə aparırsa, İran da eyni cür hərəkət edir, imperialist və işğalçılıq siyasət yeridirlər. Suriyada İranın kifayət qədər qüvvəsi var idi, hamısı qaçdı, pərən-pərən oldular. Özləri müqavimət göstərmədikləri halda niyə suriyalıları müqavimətə səsləyirlər? Ona görə də İranın çağırışları qeyri-ciddi qəbul olunmaqdadır".

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Suriyadakı hadisələrlə bağlı nəticə çıxarmaq hələ tezdir, vəziyyət dəyişə bilər.

Nazir bildirib ki, indi Suriyada o ölkənin gələcəyinə təsir edən bir çox mühüm amillər var:

"Məncə, vəziyyəti qiymətləndirmək hələ tezdir – həm bizim, həm də qalib gəldiyini düşünən qarşı tərəfin nümayəndələri üçün. Qarşıda çox şey baş verə bilər".

Xatırladaq ki, Suriya müxalifəti dekabrın 8-də Bəşər Əsəd rejimini devirib. Əsəd müxaliflərin paytaxt Dəməşqə girməsindən sonra Rusiyaya qaçıb. O, İranın müttəfiqi idi. Yeni hökumətin Tehranla əlaqəsi soyuqdur.

Aydın Baxış


SON XƏBƏRLƏR

28 Dekabr 2024